General BP-nin nümayəndə heyəti ilə görüşdü

  • By admin
  • 18 May 2022 22:53

Mayın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında əlaqələrdən bəhs edən Komitə sədri bu istiqamətdə gömrük orqanlarının öz vəzifələrini layiqincə yerinə yetirdiyini, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir”, – deyə sözünə davam edən Komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektlərilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək son illər ərzində istər fiskal sahədə, istərsə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan uğurladan bəhs edib.

Qonaqlara DGK-nın elektron informasiya sistemləri ilə bağlı təqdimat da nümayiş etdirilib.

Gununsesi.info