Generalın həbsdə olan oğlu danışdı - "Mənə var-yox söyüşü söydü"

  • By admin
  • 05 Aprel 2018 13:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general Novruzəli Orucovun həbsdə olan oğlu Rüstəm Orucovun işi üzrə yenidən məhkəmə istintaqı aparılacaq. Bakı Apellyasiya Məhkəməsi R.Orucovun 6 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə məhkəməistintaqı aparılmaqla baxılmasına dair vəkillərin vəsatətini təmin edib. Məhkəmə istintaqı ilə bağlı qərar aprelin 5-dəkeçirilən iclasda elan olunub.

Gununsesi.info xəbər verir ki, daha sonra məhkəmədə R.Orucov ifadə verib. O, 85 saylı marşrut avtobusunun sürücüsünü döyməsi barədə danışarkən bildirib ki, əvvəlcə sürücü onu ağır söyüşlərlə təhqir edib. Onun sözlərinə görə, axşam saatlarında metronun “Memar Əcəmi” stansiyasının yanında tıxacda olarkən avtobusun sürücüsü ardıcıl siqnal verib. Ona buna görə irad bildirəndə sürücü ağır cavab verib: “Maşından düşüb onun nömrəsini istədim, vermədi. Qayıdıb maşına minəndən sonra pəncərədən mənə var-yox söyüşü söydü, ondan yenə nömrəsini istədim. Dedi, “arxacam gəl”. Gedib axırıncı dayanacaqda onu gözlədim. Hər kəs maşından düşdü. Dispeçer yaxınlaşdı. Ona dedim ki, mənim var-yoxumu söyüb, üzr istəsin, gedim. Sürücü gəlmişdi, yanına gedib niyə söydüyünü soruşanda qayıtdı ki, “söyülməli adamsan”. Vurdum onu, yerə yıxıldı, çıxıb getdim”.

R.Orucov qeyd edib ki, bu hadisəyə görə hər biri il yarım azadlıqdan məhrum edilmiş iki dostu günahsızdır, onlar orada olmayıb.

Digər təqsirləndirilən şəxslər Pərviz Abbasov və Kənan Vəliyev də ifadələrində hadisədə iştirak etmədiklərini bildiriblər.

Bu məhkəmə prosesi aprelin 10-da davam edəcək.

R.Orucov və dostları Binəqədi Rayon Məhkəməsinin onların haqqında çıxardığı hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər. Həmin hökmə  əsasən, paytaxtda avtobus sürücüsünü döyməkdə və təhqir etməkdə təqsirli bilinən R.Orucov 4 il 6 ay, dostları Pərviz Abbasov və Kənan Vəliyevin hər biri isə 1il 6 ay azadlıqdanməhrum edilib.

Hadisə ötən il iyulun 3-də baş verib. İttihama görə, R.Orucov BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, 85 saylı avtobusun  sürücüsü ona irad bildirib. General oğlu sürücü Sənan Səmədovun idarə etdiyi avtobusunu 8 dayanacaq təqib edib və sonda sərnişinlərin gözü qarşısında dostları ilə birlikdə onu döyüb, təhqir edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

General oğlu və dostlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham verilib.

Bu hadisədən sonra Novruzəli Orucov da vəzifəsindən azad edilib.

Gülər

Gununsesi.info