
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov yenidən iki dostu ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.
Gunusesi.info xəbər verir ki, R.Orucov və dostları Binəqədi Rayon Məhkəməsinin onların haqqında çıxardığı hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər. Həmin hökmə əsasən, paytaxtda avtobus sürücüsünü döyməkdə və təhqir etməkdə təqsirli bilinən R.Orucov 4 il 6 ay, dostları Pərviz Abbasov və Kənan Vəliyevin hər biri isə 1il 6 ay azadlıqdan məhrum edilib.
İndi onların işinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Bugünkü məhkəmədə general oğlunun vəkilləri deyib ki, birinci instansiya məhkəməsində protokollar saxtalaşdırılıb, verilən ifadələr təhrif olunub. Vəkillər bir neçə şahidin və avtobusun sürücüsü, zərərçəkmiş Sənan Səmədovun yenidən dindirilməsini istəyib.
Məhkəmə vəsatətlərlə bağlı qərarını aprelin 5-də keçiriləcək növbəti iclasda elan edəcək.
Hadisə ötən il iyulun 3-də baş verib. R.Orucov BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, 85 saylı avtobusun sürücüsü ona irad bildirib. General oğlu sürücü Sənan Səmədovun idarə etdiyi avtobusunu 8 dayanacaq təqib edib və sonda sərnişinlərin gözü qarşısında dostları ilə birlikdə onu döyüb, təhqir edib.
R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
General oğlu və dostlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham verilib.
Bu hadisədən sonra Novruzəli Orucov da vəzifəsindən azad edilib.
Gülər
gunsesi. info