“Geydirmə” saytdan soyğunçu verilişə CAVAB - VƏ YA ATV-NİN OĞURLUĞU

  • By admin
  • 23 İyun 2016 18:00

Lisenziyasiz
İyunun əvvəlində ATV-nin “Yoxlama” layihəsinin əməkdaşlarının Şamaxı rayonun yolüstü “Şamaxı” restoranında çıxardıqları səs-küylü qalmaqalla bağlı mətbuatda kifayət qədər hadisəni pisləyən materiallar dərc edildi. Bir vaxtlar həmin kanalda fəaliyyət göstərənn aparıcı Mətanət Əliverdiyevanın yanğın zamanı səsləndirdiyi fikirdən (“Bir külək idi, gəldi keçdi…”)tutmuş, tanınmış jurnalist, məşhur tele-aparıcı Xoşqədəm Baxşəliyevanın istefasına, xırda detallaradək açıqlamalarıyla gündəmi zəbt etsələr də, nədənsə ATV yetkililəri bu hadisə ətrafında rəsmi idarələrin əliylə şou qurmaqla kifayətlənib, özləri birmənalı olaraq susmağa üstünlük verdilər.

Mətbuatın suallarını cavablandırmaq əvəzinə, kanal rəhbərliyi “Youtube.com” şəbəkəsində layihənin aparıcısı Azər Məmmədovun bu haqda xəbərlər dərc edən KİV-i təhqir edən mono-çıxışını təqdim etdi.  Azər Məmmədov həmin videoda jurnalist kimi faktlara söykənməkdənsə, nədənsə aktyorluğa üstünlük verdi. Amma biz faktlarla danışacağıq.

HTML tutorial

Azər Məmmədov iş otağında çəkdirdiyi çıxışında ədayla mətbuatı təhqir edib deyir ki, bu verilişin loqosu və layihənin məşhur “Kim milyonçu olmaq istəyir?”, “Sörvayvor” kimi layihələrdə olduğu kimi lisenziyası var”.
ATV-nin Azər Məmmədovu qabağa verməsi bununla yekunlaşmadı. Az sonra həftədə bir dəfə efirə gedən layihə artıq 3 dəfəyə qaldırıldı. Özü də layihənin dayandırılması ilə bağlı xəbərlərin dərc edilməsindən sonra. Bu, özü sual doğursa da, cavab gözləməyə də ümidli deyildik. Çünki yuxarıda qeyd etdiyimiz kimi orada suala cavab mədəniyyəti formalaşmayıb. Bunu bir neçə hadisələrdə telekanalın sərgilədiyi hərəkət, həm də hərəkətsizlik təsdiq etdi.

Yeri gəlmişkən, sosial şəbəkədəki, çıxışı ilə bağlı dəfələrlə Azər Məmmədova zəng etdik. Hər dəfə bir bəhanə ilə suallarımızı cavablandırmaqdan yayındı. Əlaqə nomrələrimizi blok etdi və s. ..

Burada da haqlı çıxırıq. Suallara cavab yoxdur. Yuxarıda qeyd etdik, axı … Lakin “səbr ilə ey, qora, halva bişər səndən” deyimi ilə A.Məmmədovla telofon əlaqəsi yaratdıq.  A. Məmmədov yalvar-yaxar edirdi ki, bu məsələ daha gündəmə gətirilməsin. Gununsesi.info-nun əməkdaşının “Çıxışınızda lisenziyanızın olduğunuzu səsləndirirsiniz. Bu lisenziyanı sizə veriblər, ya ATV kanalına?” sualına aparıcı “Mənim evim var, evimin kupçası var. Mən bunu hamıya göstərməliyəm? Siz hansı haqla məni təftiş edirsiniz?”, – deyə hədə-qorxu ilə əməkdaşımızı əlbəayaxa davaya çıxdığı iaşə obyektlərinin sahibi zənn edib “razborka”ya da çağırdı (səs yazısı redaksiyada saxlanılır-red.).
Qəribədir ki, cavabın müəllifi, oğurluq layihəylə ölkədəki, iaşə obyektlərinə soxulub reketliklə məşğul olan şəxsdir. Əlində heç bir hüquqi sənədi olmadan vətəndaşların istehsalat fəaliyyətlərinə maneə törədir. Halbuki televiziyanın 3 funksiyası var: Maarifləndirmə, əyləndirmə və informasiya vermə. 4, 5, 6-cı funksiyaları yoxdur. Rüşvət alma, oğurluq, yalançılıq kimi. Üstəgəl də, gedib hansısa obyektdə vergi və s. kimi funksiyanı yerinə yetirmək. Televiziyanın 3 funksiyasını xatırlatmaqda fayda vardı ki, bəlkə ATV-nin bu verilişində kimsə hansı peşə ilə məşğul olmalı olduğunu anlaya. Amma ATV-dən 7, 8, 9-cu “funksiya”ların da işə düşəcəyinə təəccüb etmərik. İş demişkən, işə salmaq, (restoran müdirini etdikləri kimi), işlə bağlı bir çox məsələlər telekanalın brendinə çevrilib. Bircə, öz işini görə bilmək anlayışından başqa. Onu da yuxarıda qeyd etmişik (Televiziyanın 3 funksiyası).

Təkcə Sosial şəbəkələrə, vətəndaş rəylərinə müraciət etmək yetərlidir ki, bu verilişin nə qədər uğursuz olduğuna inanasan. Hətta bir sıra peşə sahibləri də sosial şəbəkələrdə verilişə öz tənqidi münasibətlərini yazmışdı.

Çünki “Yoxlama” hədə-qorxu, şantajla sahibkarların işinə manələr göstərməklə məşğul olurdu. Adından məlum olur: “Yoxlama”. Sual yaranır ki, siz bu adı verməklə kimi ,nəyi nəzərdə tutursunuz?  Halbuki ölkə prezidentinin yoxlamaların dayandırılması ilə bağlı ciddi tapşırığı ötən il verilib. Burada da ATV öz reketçilik ənənnəsinə sadiq qalaraq etimadsızlıq funksiyasını göstərir. Görünür, ATV reketçilik sahəsində özündən böyük şəxs və ya qanun tanımır.
Keçək faktlara. Lisenziya söhbətini qabardan, tamaşaçılara “lisenziya” xarakterli layihəni hazırladğını gözə soxmağa çalışan Azər Məmmədov Youtube.com-da verilişlə bağlı yazan mətbuat orqanlarını (https://www.youtube.com/watch?v=otMah_zutfU) asıb-kəsdi də: “ Hal-haırda bizim də etdiyimiz “Yoxlama” beynəlxalq layihədir. Avropada və digər qonşu ölkələrdə olan layihənin analoqu, alternatividir. Yəni, burada heç bir plagiat ola bilməz. Yəni bizim loqomuzadək lisenziyalıdır. Eyni lisenziya, eyni rəngdir. Ona görə bu informasiya saytlarına hansı ki, pul verib (bu hissəyə bir azdan qayıdacağıq) özlərini reklam edən obyekt sahibləri, onların yaxın qohum-əqrabaları bilsinlər ki, biz layihəni həftədə 3 dəfə edəcəyik”,  – deyərək plagiatlıqla məşğul olmadığını az qala qışqırıraq səsləndiridi. ATV isə yenə də susurdu…

Dünən “Novıy kanal”ın yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan vətəndaşı kanala sorğu göndərib. Yalnız bundan sonra “Yoxlama” layihəsiylə bağlı araşdırma apardıqlarını bildirərək, lisenziya hüququ vermədiklərini ATV kanalını və layihənin aparıcısı Azər Məmmədovu oğurluqda ittiham ediblər. Məsələ ilə bağlı “Noviy Kanal”la əlaqə saxladıq. Məlum oldu ki, kanala sorğunu məşhur “Sitatın sonu” layihəsinin müəllifi, tanınmış jurnalist Etibar Hüseynov ünvanlayıb.
Etibar Hüseynov Gununsesi.info-nun əməkdaşına bildirb ki, “Yoxlama” layihəsinin lisenziya söhbətinə aydınlıq gətirilməsi üçün şəxsən özü “Novıy Kanal”a sorğu ünvanlayıb. Kanaldan sorğuya cavab olaraq bildirilib ki, Azər Məmmədovun nəinki lisenziyası yoxdur, kanal rəhbərliyi ümumiyyətlə, bu adda şirkət tanımır: “Hətta məktubla mənə müraciət edib “Yoxlama”nın kadrlarının onlara təqdim edilməsini xahiş etdilər. Layihənin sahibi “Novıy kanal”, eləcə də Azər Məmmədovun oğurladığı loqonun sahibi “Pyatnisa” kanalı bəyanət veriblər ki, nəinki “Revizzoro”nun loqosunu, heç lisenziyanı da verməyiblər.

Mətanətin şpaqatından tutmuş, Xoşqədəmin verilişinədək, hətta öz qayınlarının DYP tətəfindən saxlanılmasıyla bağlı ATV-nin ana xəbərində çox hay-küylü, ədalı, açıqlamalar verən ATV rəhbərliyi nədənsə bu məsələdə susmağa üstünlük verdi. Səbəbi də bəllidir. Yuxarıda qeyd etmişdik, axı. Bəzən hərəkətlilik, bəzənsə hərəkətsizlik.

Çünki yalançıdırlar, deməyə də sözləri yoxdur. Bu gün isə məlum oldu ki, bu adamlar tək yalançı, rüşvətxor və reket deyil, həm də oğrudurlar.

Digər məsələ. Etibar Hüseynovun sorğusu

“Yoxlama”nın lisenziyanın olub-olmamasıyla bağlı mətbuatda adı hallanan sorğunu bəlli kanala mən (Etibar Hüseynov) göndərmişəm. Birinci məktubda məlum oldu ki, bunların nəinki lisenziyaları var, heç “Novıy Kanal” bunları tanımır da. Hətta mənə məktub göndərib xahiş etdilər ki, internetdən tapa bilmirik, bunların koordinatlarını bizə göndərin. Az sonra kanaldan cavab gəldi ki, nə lisenziyanın sahibi “Novıy kanal” və nə də ATV-nin loqosunu oğurladığı “Revizorro” verilişinin yayımlandığı “Pyatnisa” kanalı bunlara heç nə verməyiblər. Hər iki kanal bəyanat verib ki, nəinki lisenziya, heç verilişin loqosu da heç kimə verilməyib. Kanallar qeyd edib ki, bunlar oğrudur və biz məhkəməyə müraciət edəcəyik. Bütün bunlardan məlum olur ki, ATV rəhbərliyi özlərinin 5 manat qazanclarına görə, Azərbaycanı bütün dünyada biabır ediblər. Yəni, Azərbaycana heç bir xeyiri, faydası olmayan insanlar Azərbycanı dünya miqyasında biabır edirlər. Ukrayna kimi demokratik mətbuatı olan bir ölkəin qarşısında Azərbycanın adını bədnam hala gətiriblər”, – deyə o bildirib.

Qeyd edək ki, ATV rəhbərliyi “Sitatın sonu” kimi verilişi bağlayıb əvəzində, rüşvət və reket ləqəbi qazanmış bir verilişi, oğurluq layihəni həftədə 3 dəfə yayımlamaq qərarı verib.

Keçək, digər hissəyə.
Gununsesi.info olaraq, layihənin müəllifi və lisenziya vermə hüququna sahib olan “Noviy Kanal” TV-nin rəhbərliyi ilə əlaqə saxladdıq. Kanalın hüquq departamentinin rəhbəri Katerina Moroz bildirdi ki, kanal layihənin lisenziyasını Azərbaycanın nə ATV kanalına, nə də layihənin aparıcısı Azər Məmmədova heç bir hüquqi və şifahi danışıq halında verməyib. O qeyd etdi ki, “Noviy kanal” “Pyatnisa”telekanalı ilə birlikdə Azərbaycanın ATV kanalına müəllif hüqquların pozulması və verilişin dayandırılmasıyla bağlı müraciət məktubu ünvanlayıb: “Azərbaycanın ATV kanalının kompensasiyanın ödənilməsi və “Yoxlama”nın “Revizor”un formatında istehsalının dayandırılmasını tələb edilməsini planlaşdırırıq. Biz hələ düşünürük ki, gələcəkdə necə qərar verək?! Doğrusu, biz, uzun illər öz reputasiyamızı ciddi-cəhdlə ona görə qorumamışıq ki, faktiki lisenziyamızı dələduzlara etibar edək”, – deyə o bildirib.

Telekanalın rəhbəri Viktoriya Burdukova isə Gununsesi.info-nun əməkdaşına bildirib ki, “Yoxlama” “Revizor” verilişinin axırıncı plagiatı deyil: “ Biz sadəcə, bu haqda hər şeyi bilmirik. Məsələn, Belarusiyada proqramın saxtası yayımlanır, ancaq hələ ki, internetdə. Polyaklar bildiyim qədər, buna oxşar nəsə etmək istədilər. Ancaq lisenziya vermədik. Dayandılar. Azərbaycana gəlincə, problem bundadır ki, layihəmizin oğurluq variantını hazırlayan ATV kanalındakı insanlar anlamırlar ki, başqasının intelektual mülkiyyətini istifadə edirlər və bunun üçün ödəniş etməlidirlər. Lakin biz onları xəbərdar edəcəyik. Hesab edirəm ki, ATV kanalı yayımlanan verilişə görə cərimə və lisenziya xərclərini istənilən halda ödənilməlidir. Amma həmin verilişin yenidən həmin kanalda yayımlanması üçün azərbaycanlılara öz versiyalarını yayımlamaq üçün lizenziya hüququ verib-verməyəcəyimiz hələ ki, bəlli deyil. Çünki, “ “Revizor”dan fərqli olaraq, “Yoxlama” mənfi reputasiyaya malikdir. Araşdıracağıq. Biz “Yoxlama”nın internetdəki butun verilişlərini izlədik. Əmin olduq ki, layihəmizi bu adamlar oğurlayıblar”.

Bu faktlardan sonra biz nə deyə bilərik?

Bizi rüşvətdə ittiham edən , elə bu yaxınlarda telekanalın  “Azərbaycanın səsi” layihəsinə düşməklə bağlı rüşvət istənildiyini qeyd etmişdik. Hətta bununla bağlı ATV-dən aldığımız səs yazılarını, oradakı fərqli rüşvət oyunlarının(150, 300 , 500 manat) audio yazısını redaksiyada hələ də saxlamışıq. Amma Azər Məmmədovun bizi “geydirmə” sayt adlandırmasına mütləq cavab verməliyik. Adını “Yoxlama” qoyan və rüşvət və reketçiliklə bağlı vətəndaşları soymağa çalışanan sizə nə ad verək ? Soyma, soydurma və ya soyundurma telekanalı?

Əminik ki, bu sualımıza da cavab yoxdur. Amma  yox olan təkcə cavab deyil, belə getsə, azsaylı tamaşaçısını və nüfuzunu itirən “Yoxlama” olacaq. Necə də qafiyəsi üst-üstə düşür:  “Yoxlama”- yox olma…!

Gülnaz Qənbərli

FOTO FAKTLAR :

13510915_10206135609418874_3079452538057247065_n

13524553_10206135609618879_7676854187526306977_n