Gizli məlumatları internetdə paylaşan əsgər hər şeyi etiraf etdi

  • By admin
  • 06 Mart 2024 08:49

ABŞ ordusunun məxfi sənədlərini internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının əsgəri Cek Teyşeyra prokurorlarla razılaşaraq cinayətini etiraf edib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, ABŞ Hava Milli Qvardiyasının əsgəri Teyşeyra Massaçusetsdə keçirilən dinləmədə ən azı 11 il həbs cəzasına məhkum edilmiş prokurorlarla sövdələşmənin bir hissəsi olaraq Ukraynadakı müharibə ilə bağlı yüksək məxfi hərbi sənədləri və digər milli təhlükəsizlik sirlərini sızdırması ilə bağlı ittihamları boynuna aldığını bildirib.

Bölgə hakimi İndira Talvani sentyabrda keçiriləcək məhkəmə iclasında 11 ildən 17 ilə qədər həbs cəzası ilə bağlı qərar verəcəyini açıqlayıb.

22 yaşlı əsgərin etirafı son illərin ən mühüm milli təhlükəsizlik sızıntılarından biri sayılan iş çərçivəsində saxlanıldıqdan təxminən 11 ay sonra gəlib.

Ailəsinin iştirak etdiyi məhkəmə iclasında Teyşeyra ABŞ-ın milli müdafiə məlumatlarını gizlətdiyini və məşhur sosial media platforması Discord-da bilərəkdən digər istifadəçilərlə altı dəfə paylaşdığını etiraf edib.

ABŞ əsgərinin vəkili  jurnalistlərə verdiyi açıqlamada cəzanın 11 illə məhdudlaşdırılmasına çalışacaqlarını bildirib və müvəkkilinin “uşaq” sayıla biləcək yaşda olduğunu müdafiə edib.

Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadının üzvü Jack Teixeira 2023-cü il aprelin 14-də Amerika ordusunun gizli sənədlərini internetdə dərc etdiyi iddiası ilə saxlanılıb.

Qeyd olunub ki, Teyşeyranın internetə sızdırdığı iddia edilən ABŞ Baş Qərargah Rəislərinin gerbi olan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial təhlükəsizlik zəiflikləri və onların sayı barədə məlumatlar yer alıb. Böyük Britaniya xüsusi təyinatlılarının ölkədə fəaliyyət göstərdiyi iddia edilir.

Həmçinin bildirilib ki, sənədlərdə Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə proqramı ilə bağlı kəşfiyyatın fəaliyyəti də daxil olmaqla mühüm məsələlərə dair hərbi və cari məlumatlar yer alıb.

 

Gununsesi.info