Koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyənləşdirilmiş sosial izolyasiya tədbirlərinə uyğun olaraq, 17 mart 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsində (DGK) vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.
Gununsesi.org xəbər verir ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan Komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.
Vətəndaşlar müraciətlərini yazılı şəkildə public@customs.gov.az elektron ünvanına göndərə və ya Komitənin rəsmi internet saytında fəaliyyət göstərən qurumun sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.
Şifahi müraciətlərin, DGK-nın fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli “Çağrı Mərkəzi” ilə əlaqə yaradılması xahiş olunur.
Gömrük prosedurları ilə bağlı Komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “Qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.
Gununsesi.org