Gömrük Komitəsindən Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına REAKSİYA

  • By admin
  • 19 May 2020 15:07

Ötən gün bir sıra kütləvi informasiya vasitələri tərəfindən Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair video yayımlanıb. Həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, DGK-nın aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində aparılan ciddi araşdırma zamanı Ermənistan istehsalı tütün məhsulllarının satışı aşkar edilməyib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Qeyd edək ki, Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Gununsesi.org