Gömrükçülər zərgərlik məmulatı və metadon adlı həblər aşkar ediblər

  • By admin
  • 08 Aprel 2017 12:09

dermanlar
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə,yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb aşkar olunub.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Bundan başqa Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.

Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

Hər iki faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info