Gömrüyün idarə rəisininin iş adamından qanunsuz tələbi var - Nə malımı buraxırlar, nə də saxlanca verirlər

  • By admin
  • 04 Aprel 2022 09:00

Azərbaycanın gömrük orqanlarının faəliyyətindəki özbaşınalıq və bir sıra qanunsuzluq halları barədə mediada yazılsa da ancaq komitə rəhbərliyi bundan nəticə çıxarmır. 

Bu qurumun sahibkarların başına açdığı oyunlar isə hər gün davam edir.

Ən dözülməzi isə gömrük orqanlarının əməkdaşları  ilə qanun dilində danışanların süründürməçiliklə üz-üzə qalmasıdır. 

Gununsesi.info-ya müraciət edən “ALİ-FARM” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru  Orucov İlqar Niman oğlu da belələrindəndir. 

Saytımıza müraciət edən sahibkar bildirir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən süni əngəllərə məruz qalır: “Şirkətin adına xaricdən gətirdiyim məhsullar heç bir əsas olmadan gömrükdən buraxılmır. Süni əngəli yaradan şəxs isə Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi Kamran Əliyevdir.

Kamran Əliyev səlahiyyətlərindən sui-istifadə edərək qanunvericiliyin tələblərini nəzərə almadığını, mallar onun dediyi qiymətlərlə bəyan olunmayana qədər onların nə buraxılmasına, nə də saxlanca verilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirir. Mən xaricdən təxminən 28 min dollar dəyərində qida əlavəsi gətirmişəm. Lakin gömrük idarəsi bəyannamədə idxal qiymətlərinin 73 min dollar göstərilməsini tələb edir. Buna görə idarədən rəsmi bildiriş tələb etsəm də, mənə heç bir rəsmi yazılış bildiriş verilmir. Şifahi formada sadəcə olaraq invoys dəyərini 73 min dollar göstərməyimi istəyirlər.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublilasının Qanununun 11.3-cü maddəsinə əsasən bəyannaməçi ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Əlimdə rəsmi bildiriş olmadığı üçün gömrük dəyərini mübahisələndirmək üçün məhkəməyə də müraciət edə bilmirəm”.

İş adamı üzləşdiyi ədalətsizliyin bununla bitmədiyini də deyir:

“Bundan başqa hər gün üçün “MAKAROĞLU LOGİSTİCS” daşınma (logistika) şirkətinə boşdayanmaya görə 150 dolları məbləğində pul ödəməli oluram. Çünki, həmin Türkiyə şirkətinin yük avtomobili gömrük orqanının bu özbaşınalığına görə yükü boşaldıb geri qayıda bilmir.

Həmçinin, mən yükdaşıma şirkətinə gündəlik 150 ABŞ dolları ödəməmək üçün malların saxlanc anbarına verilməsi üçün 10.03.2022-ci il tarixində ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etmişəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”na əsasən mənim belə hüququm var. Lakin bu müraciətim də cavabsız qalmış və icra olunmamışdır. İdarənin Akif adlı əməkdaşı xüsusi gömrük prosedurlarına görə cavabdeh olduğunu, lakin Kamran Əliyevin məhz mənim yüklərimin saxlanca verilməsinə icazə vermədiyini bildirmişdir”.

Bu məmur özbaşınalığı ilə bağlı Respublika Prezidentinə və digər yüksək qurumlara şikayət ərizəsi ilə müraciət eturğulayan sahiblar Gununsesi.info-nun problemi ictimailəşdirməsini də xahiş edir: “Şikayətlərimdən sonra 29 mart 2022-ci il tarixində məni Bakı Baş Gömrük İdarəsinin rəis müavini Zaur Bağırovun qəbuluna çağırdılar. Cənab Bağırov bildirdi ki, “biz düşmən deyilik, bizim bir ümumi düşmənlərimiz var, o da erməlilərdir, tapşırıram sizin mallarınızı invoys dəyəri ilə buraxsınlar”. Mən sevinərək malların buraxılacağına əmin oldum, lakin bu mallar yenə buraxılmadı, bu dəfə də mənə dedilər ged hər-hansı aptekdən qəbz al, baxaq görək bu malların bazar dəyəri nədir. Beləliklə, süründürməçilik davam edir. Nə malımı buraxırlar, nə də saxlanca verirlər.

Malların saxlanca verilməməsi ilə əlaqədar müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişəm. Ərizəm qəbul olunmuş və hakim Miminat Hacıbəyovanın icraatına verilmişdir. Lakin Məhkəmə hələ malların saxlanca verilməsi barədə qərardad çıxarmayıb.

Xahiş edirəm ki, sadalanmış faktların işıqlandırılmasında köməklik göstərəsiniz”.

 

İş adamının şikayəti ilə bağlı Dövlət Gömrük Komitəsinə etdiyimiz telefon zəngləri hər zaman olduğu kimi bu dəfə də cavabsız qaldı.

Yerigəlmişkən, faəliyyətində şəffaflıqdan əsər-əlamət olmayan bir qurum olan Gömrük Komitəsi bu günlərdə Amerika hökumətindən dəyəri milyonlarla ölçülən texniki avadanlıqlar yardım alıb.

Görəsən, ABŞ hökuməti Azərbaycan gömrük orqanlarının ölkədəki bu qanunsuzlarından xəbərdar deyilmi?

Mövzuya qayıdacağıq.

 

Elmar Elnuroğlu 

Gununsesi.info