Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gornaboy polisi tərəfindən rayonun Borsunlu kəndində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb. Şəxsi axtarış keçirilərkən onun üzərindən 1 kq 60 qram narkotik vasitə aşkar edilib.
Polis əməkdaşlarının bundan əvvəl keçirdikləri silsilə tədbirlər nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılıb, onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat patronu, 2 ədəd “F1”əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomat sandıqcası aşkar edilərək götürülüb.
Qeyd edək ki, Goranboy RPŞ-nin son günlər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.