Goranboyda partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO

  • By admin
  • 31 Yanvar 2018 19:20

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində iki ədəd mərmi və bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-5M və OF-32) və 1 ədəd köhnə model əl qumbarası) aşkar olunaraq ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Gununsesi.info