Göygöldə 36 yaşlı piyadanın ölümünə səbəb olmuş sürücü tutuldu

  • By admin
  • 19 İyun 2020 10:28

Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Gununsesi.org xəbər verir ki, Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 18-də saat 23 radələrində rayonun Balçılı kəndi ərazisində yolu keçmək istəyən piyada – Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Fizuli Əsgərovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Göygöl rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin “VAZ 2106” markalı, 25-BJ-692 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Emin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Gununsesi.org