
Göygöl rayonunun bir neçə kəndində intensiv yağışlar nəticəsində yaranmış problemlər aradan qaldırılır.
Gununsesi.info xəbər verir ki, selin fəsadlarının aradan qaldırılması üçün canlı qüvvə və texnikalar cəlb olunub.
Fəsadlar tam aradan qaldırılandan sonra dəymiş ziyan müəyyən olunacaq.
Məlumata görə, kəndlərdə sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsi ilə su ötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
Mövcud vəziyyətlə bağlı Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən işlərin operativ görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
19:17
Göygöl rayonunun Topalhəsənli kəndinə sel gəlib.
Gununsesi.info xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin Topalhəsənli kəndi üzrə icra nümayəndəsi Cavid Əliyev məlumatı Oxu.Az-a təsdiq edib.
O bildirib ki, təxminən 1 saat öncə gələn sel suları çayın yaxınlığındakı bir neçə yaşayış evinin həyətinə dolub:
“Hazırda əraziyə baxış keçirilir. Selin istiqaməti bağçalara, həyətyanı sahələrə yönəldilib. Heç bir ciddi fəsad yoxdur. Hazırda müvafiq qurumların əməkdaşları ilə sel sularının daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbir görülür”.
Qeyd edək ki, kəskin yağışlı hava şəraiti Gəncədə də müşahidə edilib. Belə ki, sel suları Gəncə şəhərinin mərkəzi küçələrinə dolub. Nəqliyyatın və piyadaların hərəkətinə çətinlik yaradıb.