Gözlər İstanbulda – MÜBARİZ MƏNSİMOVA HÖKM OXUNACAQ

  • By arzu
  • 12 Yanvar 2021 11:52

13 yanvar tarixində Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi “Palmali” şirkətinin qurucusu, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq.

 

 

Gununsesi.org bildirir ki, bu, sayca 3- cü məhkəmədir. Məhkəmə iclası ictimaiyyət və mətbuat üçün açıq olacaq. Bir öncəki məhkəmədən fərqli olaraq bu dəfə Mübariz Mənsimov məhkəməyə gətiriləcək.

 

 

“Palmali” Holdinqin mətbuat xidmətinin rəhbəri Fidan Guliyevanın sözlərinə görə, bu, son məhkəmə ola bilər: “Sabah keçiriləcək prosesdə hökm oxunacağı gözlənilir. Son dəqiqəyə qədər hər hansısa bir dəlil və ya yeni şahid ortaya çıxmazsa, bu məhkəmədə hökm oxunacaq.

 

Onu deyə bilərəm ki, bu günə qədər məhkəməyə heç bir əsaslı dəlil təqdim edilmədi. Bu günə qədər sadəcə ifadələr üzərinə məhkəmə quruldu. Mübariz Mənsimovu ittiham edənlərin ifadələri bir-biri ilə üst -üstə gəlmirdi. İfadələr andiçmədən alınıb. Bu özü də, qanuna ziddir. Məhkəmə zamanı verilən ifadələrin əksəriyyəti heç bir fakta əsaslanmayıb. Bu işlə əlaqəsi olmayan, amma məhkəməni izləyən müstəqil vəkillərin sözlərinə görə, bu dosye ilə kimsə həbs edilə bilməz. Biz də təbii, Türkiyədə ədalət sisteminə inanir və güvənirik. Mübariz Mənsimovun azadlığa çıxacağına inanırıq”.

 

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur. Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. “Palmali” şirkətinin qurucusu həmişə bəyan edib ki, hüquqi dövlətdə yaşayır və Türkiyədə hər şeyin qanun çərçivəsində həll olunduğunu dərk edir. Bu səbəbdən, Mübariz Mənsimov bir daha bildirib ki, Türk ədalətinin düzgün qərar verəcəyinə əmindir.

Gununsesi.org