Güclü dövlətləri təlatümə salan, Azərbaycanı sevindirən tarixi hadisə -Deputat

“Düz üç il əvvəl, 27 sentyabr tarixində dünyanın bütün güclü dövlətlərini təlatümə gətirən, bizi -Azərbaycan xalqını isə sevindirən bir tarixi hadisə baş verdi. Ermənistanın 30 ildən bəri davam edən və Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı, nəhayət, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Heç kim unutmayıb o günləri, unuda da bilmərik. O günlərdə bir təlatüm, «müharibə» sözünün vahiməsi (hərçənd otuz il ərzində biz elə müharibə şəraitində idik), həyəcan və qəribə bir yüngüllük və gərginlik anları yaşayırdı hamı. Yaşından, cinsindən, vəzifəsindən, siyasi mövqeyindən asılı olmadan, hamı eyni hislərlə yaşayırdı, bəlkə də, yaşamırdıq, donub qalmışdıq, bir gözlənti içərisində idik. Səhər saatlarından bütün ölkəmizi qəribə bir sükunət abu-havası bürümüşdü, müharibə şəraitinə uyğun olaraq internet zəifləmiş, sosial şəbəkələrin çoxu susurdu… Gözlərimiz, qulaqlarımız ekranlarda donub qalmışdı. Hər dəqiqə, hər an bir xəbər gözləyirdik və bu xəbərləri alırdıq. Elə ilk saatlardan uğurlarımızın müjdələrini almağa başladıq”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, televiziya kanallarından aparıcının kövrələ-kövrələ «Daha bir mövqeyimiz düşmənlərdən azad edildi» sözlərini deyərkən göz yaşlarını saxlaya bilməməsi hamını riqqətə gətirmişdi… və beləcə düz 44 gün davam etdi. “Bu 44 gün ərzində Azərbaycan xalqı döyüş əzmini, siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Vətən uğrunda şanlı müharibədə Azərbaycan xalqı görünməmiş milli birlik nümunəsinə çevrildi. Müharibənin gedişi zamanı, xalqımıza ordumuzun növbəti qələbələrini elan edərkən Ali Baş Komandanın «Qarabağ Azərbaycandır!» nidasını müşayiət edən xüsusi jesti – «Dəmir yumruq» xalqımızın milli birliyii, Vətən uğrunda mübarizəsi və qələbə əzminin rəmzinə çevrildi”, – o qeyd edib.

Deputat əlavə edib ki, qısa müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, bir yumruq kimi birləşdi və düşmənə sarsıdıcı zərbələr endirdi: “Müzəffər Azərbaycan ordusu ana Vətənin torpaqlarını düşmən tapdağından xilas etmək kimi şərəfli missiyanın öhdəsindən gələ bildi.

Xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin düşmən tapdağı altında qalan hissəsini geri almış, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında sərəncam vermişdir.

Bu gün Anım günüdür! Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini yad edirik. Onlar 30 il həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytarmış, bizə isə analarını, ailələrini, övladlarını əmanət qoyaraq bu dünyadan getmişlər. Onların anaları bizim anamız, övladları bizim balalarımızdır.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Rahat uyuyun, müqəddəs şəhidlərimiz, igid qardaşlarımız, qorxmaz oğullarımız! Sizin zəhmətiniz hədər getmədi, tökülən qanlarınız batmadı”.

 

 

Gununsesi.info