Təhsil eksperti Etibar Əliyev keçmiş təhsil naziri Firidun Cəlilovun Gülən məktəblərinin yaradılması ilə bağlı fikirlərinə münasibət bildirib.
Gununsesi.info “aznews.az” ekspertin yazısını olduğu kimi təqdim edir:
“Açığı Gülən məktəblərinin yaradılması ilə bağlı Firudin Cəlilovun çaşqınlıq yaradan fikirlərinə münasibət bildirmək istəmirdim. Onun şəxsiyyətinə və milliliyinə böyük hörmət bəslədiyim keçmiş Təhsil naziri Lidiya Rəsulovanın adını bu məsələlərdə hallandırması məni buna vadar etdi. Bu, haqsızlıqdan başqa bir şey deyil.
Məncə hörmətli Firudin müəllim ümumiyyətlə bu mövzuya girişməməli idi. Ancaq nə etməli, girişdi: “Həmin dövrdə bunlar “nurçular” adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim”.
Bundan başqa Firudin Cəlilov publika.az saytına açıqlamasında bildirib ki, nurçuların Azərbaycanda ilk fəaliyyəti xələfi olan sabiq təhsil naziri Lidiya Rəsulovanın dövrünə təsadüf edir: “Mən təhsil naziri olan vaxtı nurçuları yaxına buraxmırdım. Hətta o dövrdə Qafqaz Universiteti açmaq istəyirdilər, ancaq mən buna imkan vermədim. Məndən sonra isə Lidiya Rəsulova təhsil naziri oldu. Onun dövründə nurçular Azərbaycan təhsilində təşkilatlanmağa başladılar. Lidiya xanım bu cür siyasi proseslərdən çox da məlumatlı deyildi. Ona görə də onlar o dövrdə ayaq açmağa başladılar”.
Əlahəzrət fakt nə deyir: 27 noyabr 2012-ci ildə Bakıda “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunub. Deməli ”Çağ” Öyrətim İşlətmələri Şirkəti 1992-ci ildə (2012-20=1992) yaradılıb və həmin vaxt təhsil naziri Firudin Cəlilov idi. Başqa bir fakt: “Sumqayıt Özəl Türk Liseyi – 1992-ci ildən 2014-cü ilə qədər Sumqayıtda fəaliyyət göstərmiş özəl liseydir. Sumqayıt Özəl Türk Liseyi Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyədən gəlmiş Maarifçi özəl şirkət – “Çağ” Öyrətim Şirkəti arasında 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında açılan ikinci təhsil müəssisəsidir”. Baxın: (Sumqayıt Özəl Türk Liseyi)
Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlayıb. Həmin vaxt Təhsil naziri Lidiya Rəsulova deyil, Firudin Cəlilov idi. Və Ekspert Komissiyasının sədri də Firudin Cəlilovun özü idi.
Yeni Musavat qəzetinin 19 avqust 2016-cı il tarixli sayından: “Sabiq təhsil naziri Firudin Cəlilov isə Misir Mərdanovun prosesdə hər hansı rolunun olduğunu istisna etdi və bildirdi ki, məsələ daha yüksək səviyyədə həll olunub. Orada Misir Mərdanovun heç bir günahı yoxdur”.
Əlahəzrət fakt nə deyir: Elə həmin “Gülüstan” sarayında baş Tutan “Çağ” Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyində Misir Mərdanovun nitqi: “20 ildir ki, ”Çağ” Azərbaycan təhsili üçün bir örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzində ”Çağ” öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir”.
Bu cür məsuliyyətsiz çıxışlar həmin məktəblərin nüfuzunu artırırdı. Və Azərbaycan məktəblərində oxuyan istedadlı uşaqlar həmin şəbəkəyə daxil olan məktəblərə üz tuturdular.
Bu işlərin canlı şahidi kimi onu deyə bilərəm ki, mərhum Lidiya Rəsulovanın vaxtında bu məktəblər xeyli dərəcədə zəifləmişdi. Lidiya xanım onları yaratmamış və Misir Mərdanov kimi heç vaxt öyməmişdir.
Kimi suçlamaq istəyirsiniz, suçlayın. Amma vicdanınız olsun, Azərbaycan təhsil tarixinə adını qızıl hərflərlə yazdırmış, indi Haqq dünyasına qovuşmuş Lidiya xanıma böhtan atmayın. Şahidlər var axı…”
Gununsesi.info