
Türkiyənin Antalya şəhərində gənclər arasında 20-ci “Çempionlar” beynəlxalq turniri keçirilib.
Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandanın üzvləri iştirak edib.
Belə ki, güləşçilərimiz turnirdən 1 qızıl və 5 bürünc medalla qayıdıb. Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan sərbəst güləşçilərimiz turniri 1 qızıl və 3 bürünc medalla tamamlayıb.
66 kq-da mübarizə aparan Pənah İlyaslı bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına sahib olub. Şahin Muxtarov (50 kq), Abubakr Abakarov (74 kq) və Asxab Həmzətov (96 kq) isə bürünc medal qazanıb.
Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan gənc qızlarımız isə yarışı 2 bürünc medalla başa vurub.
48 kq-da yarışan Türkan Nəsirova və 51 kq çəkidə mübarizə aparan Tatyana Varantsova fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
12 ölkədən 400-ə yaxın idmançının mübarizə apardığı turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.
Anar
Gununsesi.info