Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.
Belə ki, yarışların son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir.
Keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Avropa çempionatına yollanacaq heyət elan edib və çempionatda ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.
Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək.
Proqrama əsasən, mayın 6-da 59, 66, 98 və 130 kq, son yarış günündə isə 71, 75, 80 və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.
Anar
Gununsesi.info