Güləşçimiz dünya çempionu oldu

  • By admin
  • 14 Sentyabr 2016 21:08

gul

 

Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, çempionatın ikinci günündə – sentyabrın 14-də 42, 46, 69, 76 və 85 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Çempionatda 42 kiloqram çəkidə mübarizə aparan Zaur Əliyev Yaponiya və Hindistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Ukrayna idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Zaur Əliyev son görüşdə Ermənistan təmsilçisinə də qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Fail İskəndərov (46 kq) Hindistan, Meksika və İran güləşçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimiz Özbəkistan təmsilçisinə tam üstünlüklə qalib gələrək dünya çempionatının qızıl medalına sahib olub.

Yarışda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini üstələyən güləşçimiz finala yüksəlib. Finalda Ülvi Qənizadə Qırğızıstan idmançısı ilə gərgin keçən görüşdən məğlub ayrılıb və çempionatın gümüş medalına yiyələnib.

Nəsir Həsənov (76 kq) da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Xorvatiya, Özbəkistan, Belarus və Qazaxıstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan Nəsir Həsənov çempionatı gümüş medalla başa vurub.

Qeyd edək ki, ilk yarış günündə güləşçilərimizdən Zaur Nuriyev (50 kq) bürünc medal qazanıb.

 

Gununsesi.info