Gülməmmədov Əhmədzadəni də "Qaraladı"

  • By admin
  • 27 İyul 2016 12:22

hesablama-palatasi

 

“Hesablama Palatasının kollegiyası “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadə edənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib”.

Gununsesi.info Hesablama Palatasının yaydığı məlumata istinadən xəbər verir ki, qurumun kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı auditorun hesabatını müzakirə edərək təsdiqləyib. Belə ki, “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsinin qiyməti ilkin olaraq 114,3 mln. dollar məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80 mln. dollar, Azərbaycan hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 mln. dollar məbləğində nəzərdə tutulub.

Məlumatda qeyd edilib ki, layihənin əsas məqsədi onunla əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsidir. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 mln. dollar məbləğində, yəni layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb. Belə ki, layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməyib.

Layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.

Layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilən ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.

17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15 mln. 269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.

Hesablama Palatasının kollegiyası “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə hesabat-məlumat verilib.

Gülnaz Qənbərli