
Son günlər yağan leysan yağışlar Laçında və digər işağldan azad olunmuş yerlərdə yeni salınmış qəsəbələrdə fəsadlara səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sel sularının evlərə dolduğu görünür.
Bu arada isə REAL TV-nin rəhbəri Mirşahin Ağayev sosial şəbəkədə bu mənzərəni çəkib yayanları tənqid edib.
Belə ki, Mirşahin Ağayev öz yazısında “sel gələndə əlinizi telefonu deyil, belə, çalova, vedrəyə
uzadın” deyə çağırış edərək, insanları dövlətin verdiyi hədiyyə haqqında mənfi fikir yaratmağın doğru olmadığını deyib:
Gununsesi.info-nun xəbərinə görə, jurnalist Elçin Rüstəmli isə işğaldan azad edilən bölgələrin yenidən qurulması, mənzillərin tikilməsinin dövlətin vətəndaşa hədiyyəsi kimi təqdim edilməsinin yanlış yanaşma olduğunu deyib.
“Bu, kökündən səhvdir. Dövlət vətəndaşın əmlakının, təhlükəsizliyinin qarantıdır. Vaxtı ilə dövlət öz vəzifəsini yerinə yetirə bilməyibsə, bu, vətəndaşın günahı deyil.
Qaldı, M.Ağayev evini su basan vətəndaşa deyir, səsini çıxama, çəkib yayma, düşmənlərin dəyirmanına su tökmə…
Yenə günahkar vətəndaş deyil. Kəndlərin layihələndirilməsinə, tikintisinə on milyonlarla dövlət vəsaiti sərf olunub. Günahkar bu layihələri həyata keçirən, ona nəzarət edən, təhvil alan dövlət qurumlarıdır. Elementar qaydalara riayət olunmayıb, kəndi öz yerinə deyil, çay yatağında, evləri bir-birinə az qala bitişik halda tikiblər. Belə şey olar?
Dövləti biabır edənlər onlardır”.
Günay Mahirqızı
Gununsesi.info