“Gündəlik Bakı” qəzetinin baş redaktoru zərərçəkmişlərə dəymiş ziyanı ödəyib

  • By admin
  • 18 Yanvar 2018 13:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Rasim Bağırov ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.

O bildirib ki, H.Vəliyev ondan videogörüntülərlə bağlı pul istəyib. O, həmin görüntülərlə bağlı H.Vəliyevə 7 min 300 manat verdiyini bildirib. Amma zərərçəkmiş H.Vəliyevdən şikayətçi olmadığını deyib.

Prosesdə ifadə verən digər zərərçəkmiş Fuad Məmmədov isə qeyd edib ki, H.Vəliyevə 2000 manat pul verib: “Qəzetində adımdan əxlaqsızlıq yuvası ilə bağlı yazı getmişdi. Pulu Surxay Əliyevə verdim. O bildirdi ki, pul Habil Vəliyevə çatacaq. Hazırda şikayətim və tələbim yoxdur”.

Zərərçəkmiş Xəyyam Həsənov isə ifadəsində deyib ki, Bakıdakı obyekti ilə bağlı H.Vəliyevin “Gündəlik Bakı” qəzetində yazı çap olunub: “Buna görə də 2000 min manat pul verdim. Düzdür, pulu şəxsən ona təqdim etməmişəm”.

Zərərçəkmişlərdən Qabil Hüseynov H.Vəliyevə 43 min 300 manat, Nofəl Musayev isə 3000 manat verdiyini bildiriblər.

Zərərçəkmişlər dəyən ziyanın ödənildiyini deyiblər.

İş üzrə növbəti məhkəmə prosesi yanvarın 30-na təyin edilib.

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb.

Gununsesi.info