Günel Gözəlova məhkəmədə: “Əməliyyatdan sonra yoldaşım sağlamlığını itirdi”” - ARAZ BAYRAMOV MƏHKƏMƏDƏN YAYINIR

  • By admin
  • 27 İyul 2021 17:32

Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun sağlamlığına qəsdən zərər yetieən həkim Araz Bayramova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, ölkədə rezonansa səbəb olan bu olayla bağlı prosesi izləmək üçün məhkəməyə gələn çoxsaylı media mənsubları içəriyə buraxılmayıb.

HTML tutorial

Hakim Vüqar Quliyev bunu pandemiya ilə əsaslandırsa da Anar Gözəlovun vəkili Elçin Sadıqov hakimə Ali Məhkəmənin müvafiq qərarını xatırladıb.

Vəkilin sözlərinə görə, Ali Məhkəmə açıq məhkəmə proseslərində 10 nəfərin iştirakını mümkün sayır.

Vəkilin bu xatırlatmasından  sonra hakim yalnız 2 jurnalisti – Gununsesi.info saytının və APA-nın əməkdaşını prosesə buraxıb.

Proses başlayanda isə məlum olub ki, həkim Araz Bayramov məhkəmə iclasına gəlməyib, onu vəkili təmsil edir.

Prosesdə zərərçəkənin vəkili Elçin Sadıqov məhkəməyə əlavə sənədlər təqdim edib.

Vəkil nevroloq Sevinc Ərəbinin və Ailə Tibb Psixoloji Mərkəzlərin arayışı, eyni zamanda Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” nin rəyləri iş materiallarına daxil olmasını istəyib.

Cavabdehin vəkili Asif Mətədov iddianı qəbul etmədiklərini bildirib.

Daha sonra prosesdə iddiaçı Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova çıxış edib.

G. Gözəlova çıxışında bildirib ki, bu hadisə artıq bütün ölkədə ictimailəşib və bir jurnalist kimi də  hadisənin şahidi olaraq bundan sonra da bütün məhkəmə prosseslərində baş verəcək incəlikləri şəxsən özü  ictimailəşdirəcək.
O qeyd edib ki, həyat yoldaşının böyrəyində dəhşətli ağrı və sancı olduğundan 2020-ci ilin oktyabr ayında müayinə üçün həkim Araz Bayramova müraciət ediblər: “Həkimə müraciət edəndə onun böyrəyində mərcanvari urat-oksalat daş olduğu bildirilib. Araz Bayramov əvvəlcə kurs müalicə yazdı və bir müddət sonra Anarın əməliyyat edilməli olduğunu bildirdi. Həmin dövrdə biz həkimin qoyduğu bütün qaydalara riayət etdik. Fevralın 6-da “Buta” klinikasında həyat yoldaşımdan qan analizləri götürülüb. Həmin klinikada ötən ilin noyabr ayında da Anarın qan analizləri götürülmüşdü. Hər iki qan analizlərinin göstəricilərinə görə, əslində Anarı həmin dövr üçün əməliyyat etmək olmazdı. O, planlaşdırılmış əməliyyata hazır olmayıb. Anarın qanında trombositlərin, şəkərin, xolesterinin və digər bu kimi maddələrin miqdarı həddindən çox olub. Amma cərrah Araz Bayramov bununla bağlı bizə heç nə deməyib, əməliyyatdan imtina etməyib. Hansı ki, bu problemləri istər cərrah, istər endokrinoloq, istər anestezioloq çox ciddi nəzarətə götürməliydi”.

İddiaçının nümayəndəsi çıxışında bildirib ki, həyat yoldaşı fevralın 18-də əməliyyat edilib:
“Həmin günü səhər saat 10-da artıq biz klinikada idik. Müəyyən yoxlanışlar aparıldı. Anar əməliyyata götürüldü. Əməliyyat vaxtı hər 1 saatdan bir maraqlandım. Əməliyyat ən çoxu əslində 2 saat çəkməliydi. Bizə maksimum 40 dəqiqəlik bir əməliyyat olduğu söylənsə də axşama doğru, saat 6-ya qalmış əlində bir qabda böyrək daşı ilə həkim bizə yaxınlaşıb çətin olsa da, əməliyyatın bitdiyini dedi, Əlavə etdi ki,  xəstənin durumu əladır. Anar anesteziyadan ayılandan sonra mən onun yanına getdim və vəziyyətdə anormallıq hiss etdim. “Buta” klinikasının baş tibb bacısı Dilarə xanıma bu barədə dəfələrlə dedim, o isə məni bu halın əməliyyatdan sonra normal olduğuna inandırmağa çalışdı, daha sonra yoldaşımı yatırtdılar, onu videoya çəkdim və məni də yola saldılar ki, “saat 11-də zəng edin, sizi yoldaşınızla danışdıracağıq, sabah isə gəlib yoldaşınızı sadəcə çıxararsınız”. Axşam saat 11-də zəng etsəm də Anarla heç nə danışa bilmədim, çünki o, danışa bilmirdi, rabitəsiz, heç nə anlaşılmayan sözlər deyirdi. Hətta Anar telefonu da tuta bilmirdi. Bir sutka sonra – fevral ayının 19-da mənə yoldaşımı görməyə icazə vermirdilər. Daha sonra Şəhla xanım (red.- Araz Bayramovun köməkçisi) mənə Araz Bayramovun səhər yoldaşıma baxdığını və saat 4-dən sonra evə buraxacaqlarını yazdı. Mən klinikaya gedəndən sonra yoldaşım yanına buraxmadılar. Mən klinikanın baş həkimi, həm də Araz Bayramovun atası Eldar Bayramovun yanına getdim. O iddia etdi ki, yoldaşımda heç bir problem yoxdur, səhər onu görüb. Biz birlikdə Anarın yanına getdik. Anar anlaqsız vəziyyətdə idi. Həyat yoldaşım məni tanımırdı, danışa bilmirdi. Təsəvvür edin, 5 həkim orda bunun fərqində olmayıblar, ya da sadəcə bizim çıxmağımız üçün sakit dayanıblar. Mən nevropotoloq tələb etdim. Lakin Araz Bayramov xəstəxanada nevroloqun olmadığını dedi. Gündə ən azı 15 şəxsə çoxfunsyalı əməliyyat edilən bir şəxsi klinikada nevropotoloq yox imiş. Başqa bir klinikadan nevropatoloq xanım dəvət olundu. Mən bu gün Anarın həyatını ona borcluyam.  Hansı ki, Araz Bayramov bu gün bütün günahları onun üstünə atmağa çalışır. O xanım mənə təkidlə MRT müayinəsinin vacib olduğunu və yoldaşımın vəziyyətinin ağır olduğunu dedi. Nə qədər təkid etsək də bunu etmirdilər. Həmin xanım nə qədər desə də, Anarı MRT yox, KT etdirmişdilər. Bunu mənim özüm etməyim isə mümkün deyildi. Çünki Anara katetr qoşulmuşdu və hələ də ordan qan gəlirdi. Xəstəni özbaşına ayağa qaldırmağımız mümkünsüz idi. Həmin klinikada MRT müayinəsi olmadığına, Araz Bayramovun xəstəyə məsuliyyətsiz yanaşmasına görə biz yalnız fevralın 27-si MRT müayinəsi edilməsinə nail olduq. MRT-nin nəticəsi göstərirdi ki, əməliyyat zamanı Anar işemik, hemorragik insult keçirib. Belə ki, onun beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol yarımkürəsində nitq və dərketmə bazası zədələnib. Yəni, Anar əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirsə də Araz Bayramov bunu gözardı edib”.

Prosesdə daha sonra çıxış edən iddiaçının vəkili Elçin Sadıqov bildirib ki, iş üzrə olan sənədlərdə, həmçinin nevropotoloq Sevinc Ərəbinin verdiyi arayışa əsasən, Anar Gözəlovun əməliyyat olunması düzgün hesab edilmir.

Vəkil, həmçinin qeyd edib ki, A. Gözəlov əməliyyat zamanı geriyədönməz xəsarət alıb və əmək qabiliyyətini itirib: “Anar Gözəlov əməliyyata 1 gün qalana qədər iş fəaliyyəti ilə məşğul olub, özəl şirkətdə satınalmalar üzrə müdir müavini vəzifəsində çalışır, hazırda sağlamlıq durumu iş imkanların məhdudlaşdırıb. Tam sağlam şəkildə (böyrək ağrısı istisna) klinikaya daxil olub”.

Elçin Sadıqov Səhiyyə Nazirliyinə də sorğular verdiyini və cavab gözlədiklərini bildirib.

Məhkəmədən sonra prosesə buraxılmayan jurnalistlərə müsahibə verən Günel Gözəlova bunları deyib:

“Məhkəmə prosesində gözlədiyim kimi qarşı tərəf iştirak etmədi. Bunu normal qarşılayıram, onun hüququdur. Növbəti proses üçün hakim tapşırıq verdi ki, iş ekspertizaya yönləndirilsin. Hər iki tərəfdən suallar təqdim ediləcək. Müvafiq sahə mütəxəssisləri rəy verəcəklər. Təbii ki, bizim əlimizdə yetəri qədər rəylər var. Əlimizdə qarşı tərəfin, yəni yoldaşımın sağlamlığını itirməsinə səbəb olan Araz Bayramovun bizə təqdim etdiyi sənədlər də var. Biz öz mübarizəmizi aparacağıq”.

Növbəti prosses iyul ayının 30-da keçiriləcək.

 

Gununsesi.info