Güney Azərbaycan: Abbas Lisaniyə 15 illik həbs hökmünə etirazlar başlayıb

İran Ali Məhkəməsi Güney Azərbaycanın tanınmış fəalı Abbas Lisaninin kasassiya şikayətini rədd edərək, Ərdəbil aşağı məhkəməsinin 15 illik həbs hökmünü qüvvədə saxlayıb.

Gununsesi.org bildirir ki, Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata istinadən, Ali Məhkəmənin qərarı fəalın vəkili Məhəmmədrza Fəqihiyə iyulun 4-də bildirilib.

Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq” ittihamları ilə mühakimə edilib. Məhkəmə siyasi fəalı “ölkənin təhlükəsizliyini pozmaq”da günahlandıraraq, 8 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Siyasi fəal ilk iki ittihamdan bəraət qazanıb.

Abbas Lisani Apellyasiya Məhkəməsinə müraciət edərək ilkin məhkəmənin çıxardığı qərara etiraz edib. Milli fəalın şikayətinə baxan Ərdəbil Apellyasiya Məhkəməsi fəalın ilkin məhkəmədə bəraət qazandığı iki ittihamı yenidən dosyeyə əlavə edərək, həbs cəzasını 8 ildən 15 ilədək artırıb. Lisani bu dəfə İran Ali Məhkəməsinə müraciət edib.

Abbas Lisani 2019-cu ilin yanvar ayından Ərdəbil həbsxanasında saxlanılır. O, təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb. Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

Gununsesi.org