“Gürcü Arzusu”-nun regionlarda namizədliyini təqdim edəcəyi adamı qalmayıb- Samirə Bayramova

Marneulili mülki fəal Samirə Bayramova “Gürcü Arzusu”-nun Marneuli meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim etməsinə münasibət bildirib. Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Ömərovun mer vəzifəsinə namizəd elan etməklə “Gürcü Arzusu” bir daha göstərdi ki, insan resursu çatışmazlığından əziyyət çəkirlər.

“Biz Kənanı uzun zamandır – təhsil sahəsində, eləcə də merin müavini olanda da tənqid edirdik. Onun fəaliyyətinə qarşı müsbət yanaşmırıq. Bilirik ki, “Gürcü Arzusu”-nun regionlarda namizədliyini təqdim edəcəyi adamı qalmayıb. “Gürcü Arzusu”-nun yeni fiqurları yoxdur. Ümumilikdə, 2-3 nəfərdir ki, gah deputat, gah mer müavini, gah da ki, Resurs Mərkəzin rəhbəri təyin olunurlar. Bu onların namizəd çatışmazlığı problemi olması deməkdir”, – Samirə Bayramova bildirdi.

HTML tutorial

Bayramovanın sözlərinə görə, iqtidar partiyası Gürcüstan miqyasında seçkilərdə təhsil sektorundan resurs olaraq istifadə edir. Nəzərə alsaq ki, Kənan Ömərov illər ərzində Resurs Mərkəzin rəhbəri olub, o, partiya üçün səs toplaya biləcək.

“Onun keçmiş vəzifəsindən irəli gələrək, məktəblər seçki prosesinə fəal şəkildə qoşulacaq. Əvvəl də belə idilər, ancaq indi ikiqat qoşulacaqlar. Çünki onların keçmiş rəhbəri indi şəhər meri ola bilər. Ömərovun mer olması onun kölgəsi altında olan direktor və müəllimlər üçün uzun zaman kölgə altında, məktəb direktoru səlahiyyətlərini icra edən şəxs və s. olaraq qalacaqlarına zəmanətdir. Kənan Ömərov güc zoruna səs toplayacaq namizəddir”, – Samirə Bayramova bildirdi.

“Gürcü Arzusu” bu gün, 29 iyul tarixində Marneuli meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim edib. Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində baş tutacaq.

Gununsesi.info