Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına namizəd statusu verməsi təklifi ölkənin hökumət rəsmiləri tərəfindən “tarixi qərar” adlandırılıb.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, çərşənbə günü gecə saatlarında gürcüstanlılar bu xəbəri paytaxt Tbilisidə meydana çıxaraq bayram ediblər.
Ölkənin Baş naziri İrakli Qaribaşvili komissiyanın qərarının hakimiyyətin Aİ-yə inteqrasiyası – 12 prioritetin yerinə yetirilməsi istiqamətində “davamlı fəaliyyətinin tanınması” kimi dəyərləndirib.
Gürcüstan müxalifəti isə inteqrasiya yolundakı uğura görə ölkə əhalisinin avropapərəst qisminin təqdir edilməli olduğunu bəyan edib.
“Bu, şübhəsiz ki, tarixi gündür. Bu, Avropa Komissiyasının tarixi qərarıdır”, – yerli “Tavisupleba” radiosu cənab Qaribaşvilidənin Gürcüstanla bağlı qərarın elanından sonra xalqa etdiyi müraciətindən sitat gətirib.
“Bu qələbə sülh, sabitlik, çevrilmə və böyük dəyişiklik gətirən 11 illik işimizin nəticəsidir. Biz bu dinc onilliyi avropalaşmanın 10 ili adlandıra bilərik. Məhz “Gürcü arzusu” indiyədək avrointeqrasiya yolunda hər hansı hakimiyyət və ya lider arasında [Gürcüstanın indiyə qədər qazandığı] ən gözəçarpan irəliləyişə nail olub”, – Qaribaşvili vurğulayıb.
Xarici işlər naziri İlya Darçiaşvili X (keçmiş Twitter) səhifəsində “bu, Gürcüstanın bu mühüm yolda gördüyü çox intensiv işin aydın etirafıdır” yazıb.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili X postunda qərarın “Rusiyanın Gürcüstanı işğalına güclü cavab” olduğunu vurğulayıb.
Komissiyanın bəyanatı Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiyanı Gürcüstanın digər bölgələrindən ayıran qondarma sərhəd xətti boyunca yerləşdirilmiş “Rusiya işğalçı qüvvələri” tərəfindən bir dinc gürcü vətəndaşının öldürülməsi fonunda verilib.
Noyabrın 8-də açıqlanan Aİ-nin genişlənmə hesabatında Gürcüstanın irəliləyiş əldə etdiyi bildirilib, Ancaq qanunun aliliyi, media azadlığı, dezinformasiya, azad və ədalətli seçki kimi sahələrdə mühüm islahatların aparılmasının vacibliyi də vurğulanıb.
Ölkə prezidenti Salome Zurabişvili X postunda ehtiyac duyulan islahatlara dəstək olacağını vəd edib.
Gununsesi.info