Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq

  • By ilhame
  • 05 Sentyabr 2024 20:34

Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

 

“Plenar iclasda iki qanuna – “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”, – o deyib.

 

Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.

 

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini qəbul edib.

 

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Gununsesi.info