Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gəlir

  • By admin
  • 24 Fevral 2017 09:05

marqe-1

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştiraketmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək. Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Bu haqda Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, Komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları,  tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.

Gülnaz Qənbərli

Gununsesi.info