Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlayıb

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası respublika prezidenti Salome Zurabişvilinin impiçment proseduruna başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə siyasi assosiasiyanın sədri İrakli Kobaxidxe bildirib.

“Partiyanın siyasi şurasının iclasında biz prezidentə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik”.

Partiya Zurabişvilini hökumətin icazəsi olmadan xaricə səfər etdiyi üçün konstitusiyanı pozmaqda ittiham edib.

“Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, avqustun 31-də o, hökumətin razılığı olmadan prezident Frank Valter-Ştaynmayerlə danışıqlar aparmaq üçün Almaniyaya gəlib.

Ölkənin Əsas Qanununun 52-ci maddəsinə əsasən, Prezident xarici münasibətlərdə nümayəndəlik səlahiyyətlərini həyata keçirir, Nazirlər Kabinetinin razılığı ilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır.

“Gürcü arzusu”nun sədri vurğulayıb ki, impiçment prosesinin başlanması “partiyanın konstitusiya borcudur”. Bununla belə, o, “indiki siyasi vəziyyətdə” bu proseduru başa çatdırmağın mümkün olmayacağını etiraf edib.

Avqustun 30-da Gürcüstan hökumətinin administrasiyası bildirib ki, Nazirlər Kabineti onun Almaniya, Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərinin təsdiqlənməsi ilə bağlı prezident aparatının müraciətlərini rədd edib.  Lakin Zurabişvili buna məhəl qoymamağa üstünlük verib.

Qeyd edək ki, gürcü höküməti və prezident arasında uzun zamandır ki, uçurum var idi.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info