“Gürcüstan və Rusiya hökumətləri diplomatik münasibətləri bərpa etmək üçün fəal işləyirlər”.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalına məlumatlı mənbələr bildirib.
Məlumata görə, artıq Gürcüstanın Moskvadakı səfirliyinə işçilərin seçimi gedir. Bununla belə, telekanalın hakim “Gürcü arzusu” partiyasına yaxın həmsöhbətləri Tbilisinin belə planlarının olduğunu inkar edirlər.
Onlar Gürcüstanın Rusiyada səfirliyinin açılması ilə bağlı hər hansı məlumatın yayılmasını əsassız adlandırıb.
Gürcüstan 2008-ci ildə Rusiya ordusunun işğalı və Moskvanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasından sonra Rusiya ilə diplomatik münasibətləri kəsib.
Rusiya və Gürcüstanın maraqlarını o vaxtdan İsveçrənin Moskva və Tbilisidəki səfirlikləri təmsil edir.
2019-cu ildə Rusiya birtərəfli qaydada Gürcüstanla birbaşa uçuşları dayandırıb. 2023-cü ilin mayında Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edən fərman imzalayıb. Eyni zamanda o, Gürcüstan vətəndaşları üçün viza rejimini də ləğv edib.
Respublika Prezidenti Salome Zurabişvili birbaşa uçuşların bərpasını və viza rejiminin ləğvini Moskvanın növbəti təxribatı adlandırıb. Onun sözlərinə görə, Rusiya Gürcüstanın ərazisini işğal etdiyi və Ukraynada müharibə apardığı bir vaxtda bu qəbuledilməzdir.
İyunun əvvəlində “xarici agentlər” haqqında qanunun qəbulundan sonra Tbilisinin Vaşinqtonla münasibətləri də xeyli pisləşdi.
Amerika prezidenti Co Baydenin administrasiyası Gürcüstan parlamentinin bir sıra üzvlərinə və bu qanunun qəbulunda iştirak edən respublika rəsmilərinə viza məhdudiyyəti qoyub.
Buna cavab olaraq Gürcüstan hakimiyyəti Vaşinqtonu daxili siyasi sabitliyi pozmağa çalışmaqda ittiham edib.
Qanun layihəsinə baxılması Gürcüstanda kütləvi etirazlara səbəb olub. Zurabişvili bildirib ki, bu “Gürcüstan Konstitusiyasına və bütün Avropa standartlarına ziddir” və həmçinin “Gürcüstanın Avropa yolunda maneədir”.
Qeyd edək ki, Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoysa da, Gürcüstan parlamenti səs çoxluğu ilə qanunu ləğv etdi.
Şəbnəm
Gununsesi.info