Tbilisi Rusiya ilə sərhəddə “Kazbeqi” gömrük-keçid məntəqəsinin fəaliyyətini müvəqqəti dayandırdığını elan edib.
Gununsesi.info xəbər verir ki, müvafiq bəyanatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Məlumatda bu addımın gömrük-keçid məntəqəsinə aparan yolun zədələnməsi ilə bağlı olduğu bildirilib.
“Daryal dərəsində çətin meteoroloji şəraitin yaratdığı fövqəladə vəziyyətlə əlaqədar Kazbeqi gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb”, – deyə məlumatda qeyd olunub.
Mayın sonunda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, Gürcüstan hakimiyyəti Qərbin sanksiyaları ilə Rusiyaya idxalı qadağan edilən malların dövriyyəsini istisna etmək üçün “Kazbeqi-Yuxarı Lars” gömrük-keçid məntəqəsinin işini gücləndirib.
Gununsesi.info