“Gürcüstan və Rusiyadan 428 nəfər Azərbaycana gətirildi” – Operativ Qərargah

  • By admin
  • 23 İyun 2020 18:42

“Gürcüstan və Rusiya Federasiyasından 428 nəfər Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib”.

Gununsesi.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmiryol sərnişin daşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında Gürcüstandan ölkəmizə daha 176 nəfər soydaşımız əvvəlcədən müəyyən olunan siyahı əsasında Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək vətənə qayıdıb.

Bununla yanaşı, Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər.

Xatırladaq ki, xarici ölkələrdə olan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar koronavirus pandemiyası dövründə ardıcıl tədbirlər görülür.

Gununsesi.org