Gürcüstan Xarici İşlər nazirinin müavini Keşikçidağla bağlı danışıqlar apardı

“Keşikçidağ məsələsi ilə bağlı ilk ekspert iclası 19-23 avqust tarixlərində keçiriləcək”. Gununsesi.org-un “Birinci Kanal”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya iyulun 30-da keçirdiyi mətbuat konfransında  bildirib.

Onun sözlərinə görə, bu mərhələdə sərhəd qurumları insidenti tamamilə həll etmək və vəziyyəti normallaşdırmaq üçün fəal danışıqlar aparırlar:

“Bildiyiniz kimi, bir neçə illik fasilədən sonra 23-24 may tarixlərində Bakıda delimitasiya-demarkasiya üzrə dövlət komissiyalarının ilk iclası keçirildi. İclasda komissiyanın mütəxəssislərinin yerində müəyyən işlər görməsi qərara alındı. Bu dövrdə texniki və təşkilati təfərrüatları dəqiqləşdirmək üçün Azərbaycan tərəfi ilə fəal əlaqə yaratdıq. Müəyyən daxili işlər aparıldıqdan sonra mütəxəssislərin ilk iclası 19-23 avqust tarixlərinə təyin edilib.

Bu gün Keşikçidağdakı mövcud vəziyyətə gəlincə, məlum olduğu kimi, cari ilin 14 iyul tarixində Gürcüstan-Azərbaycan sərhədinin David-Gareji hissəsində Azərbaycan sərhədçiləri ilə yerli sakinlər arasında qarşıdurma baş verdi. Gərginliyin azalması və stabilləşdirilməsi iki ölkənin sərhəd xidmətlərinin fəaliyyəti sayəsində əldə edildi.

Baş vermiş hadisədən sonra Azərbaycan tərəfi bu ərazidə sərhədçilərin sayını artırdı və onların nəzarətində olan ərazidə maddi-texniki dəstək üçün lazım olan müvəqqəti infrastruktur yerləşdirildi. Buna paralel olaraq qeyd olunan ərazidə Gürcüstan sərhədçilərinin sayı artırıldı. Eyni zamanda, təhlükəsizlik məqsədilə və sonrakı hadisələrin qarşısını almaq üçün turistlərin, yerli sakinlərin və zəvvarların monastır kompleksinə hərəkəti müvəqqəti dayandırıldı.

Yerində hərəkət müəyyən məhdudiyyətlərlə həyata keçirilir, lakin 14 iyul hadisələrindən sonra vəziyyət daha da mürəkkəbləşib. Bu mərhələdə sərhəd idarələri arasında insidenti tamamilə aradan qaldırmaq və vəziyyəti normallaşdırmaq üçün aktiv danışıqlar aparılır”.

Nazir müavini bildirib ki, Gürcüstan və Azərbaycan hökumətləri iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərində fəal əməkdaşlıq edirlər.

Darsaliyanın sözlərinə görə, bu proseslərə paralel olaraq vəziyyəti süni şəkildə şişirtmək yolverilməzdir və buna bənzər hadisələr ölkələr arasında mövcud olan strateji münasibətlərə xələl gətirir:

“Gürcüstan Xarici İşlər Nazirliyi qonşuluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq delimitasiya prosesini başa çatdıra bilməsi üçün cəmiyyət və mülki qrupları ikitərəfli komissiyaya normal bir şəraitdə işləməyin davamı üçün icazə verməyə çağırır”.

Xatırladaq ki, bir neçə gün öncə Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilirdi ki, iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti həmin ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. Qeyd edilib ki, ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.

DSX-nin mətbuat katibi Rövşən Cahangirov isə “Qafqazinfo”ya açıqlamasında bu xəbəri təkzib etmişdi: “Biz belə bir məlumat yaymamışıq. Yaymamışıqsa, deməli belə bir şey olmayıb”.

Bugünkü xəbərlə bağlı isə R. Cahangirovdan münasibət öyrənmək mümkün olmayıb.

Gununsesi.org