Xəbər verdiyimiz kimi, Noyabrın 28-dən etibarən Gürcüstanda başlayan və hazırda davam edən etirazların miqyası da böyüyür.
Belə ki, mitinqlərin davam etdiyi bir zamanda baş verən etirazlara böyük şirkətlər də dəstək verməyə başlayıb, dövlət qurumlarının bir neçəsi müxalif düşərgə tərəf keçib.
Hadisələrin bu cür cərəyan etməsi, prosesin sonunu daha da çətinləşdirir.
Hazırda gündəmi bir sual düşündürür:
“Gürcü arzusu” partiyası geri çəkiləcək, yoxsa etirazlar yatırılacaq?”
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatları da öz fikirlərini bildirib.
Deputat, Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Vüqar İskəndərov, hadisələrin Gürcüstanın müstəqil siyasət yürütdüyü və Qərb dairələrin də buna imkan vermək istəməmələrinə görə olduğunu düşünür:
“Qonşu, dost ölkə Gürcüstandakı hadisələr Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Gürcüstan hazırda çətin imtahan qarşısındadır. Belə ki, onlar son illər Avropanın ikili siyasətini tam anlayaraq, artıq öz mili siyasətlərini, maraqlarını yürütməyə başladılar. Təbii olaraq da, bu isə müxtəlif Qərb dairələrinin xoşuna gəlmir və müstəqil siyasət həyata keçirən ölkələrə cürbəcür vasitələrlə təzyiqlər göstərməklə, onları öz təsirləri altında saxlamaq üçün bütün yollara əl atırlar. Baş verən sitiuasiyada Qəb dairələrinin maliyyələşdirdiyi qruplar konkret hissələrə bölünərək dövlət idarələrinə hücumlar edir, polisləri provakasiyaya çəkir, xəsarət yetirməyə, xaos yaratmağa cəhd edirlər. İndiyədək kifayət qədər polis və vətəndaş yaralanıb. Hələlik hökümət öz gedişlərinin, fikirlərinin üstündə dayanıb və baş nazir vəziyyətin nəzarət altında olduğunu qeyd edir. Buna baxmayaraq, ölkədə hazırda Gürcüstan müxalifətinin və onları dəstəkləyən qüvvələrin təxribatları davam edir. Bir neçə hökümət qurumlarının müxalifət tərəfə keçməsini bəyan etməsi, bəzi Avropa ölkələrinin təhdidedici bəyanat verməsi və.s. kimi məsələlərin hər biri hakimiyyətə olan təzyiqlərdir və bu da mövcud vəziyyəti çətinləşdirir. Belə məqamda Gürcüstan hakimiyyətinin daha diqqətli olması lazımdır. Mitinqlərdə iştirak etməyən, iqtidarı dəstəkləyən insanların hüquqlarının qorunması çox vacibdir. İnanıram ki, sonda haqq və ədalət öz yolunu tutacaq, Gürcü xalqı hansı yolla getmək istəyirsə, inamla irəliləyib öz məqsədinə çatacaq. İqtidarda olan “Gürcü arzusu” partiyası və tərəfdarlar öz səslərini qoruya biləcəklər, Gürcüstanın milli, dövlətçilik maraqları nəyi diqtə edirsə, o da olacaq.
Deputat Elnarə Akimova isə Gürcüstandakı prosesləri bu cür təsvir edib:
“Bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqının ilk növbədə, bu meyllərə uymaması gərəkdir. Çünki arxada özlərinin dövlətçilik tarixində üzləşdikləri fəci proseslər, yanlarında isə nümunə kimi Ukraynanın aqibəti var. Gələcək necə gələcək?! Bax bunu Gürcü xalqının öz iradəsi, atacağı uzaqgörən addımlar diktə edəcək. Müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, qonşu dövlətlərlə normal münasibətlər qurmağa çalışan iqtidarın qalibiyyəti onlar üçün daha uğurlu seçim olar. Seçim düzgünlüyünün Azərbaycanla münasibətlərə təsiri varmı? Əlbəttə ki, var. Çünki Azərbaycan Gürcüstanla strateji müttəfiqlik edir, tərəflər həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan da yanaşamaq lazımdır. Gürcüstan hakimiyyətinin onlara həssas münasibət sərgiləməsi iki qonşu dövlətin arasında olan dostluğu qüvvətləndirən amillər sırasında dərk olunmalıdır. Gürcüstanda baş verəcək istənilən daxili gərginlik, iğtişaş halları və ictimai-siyasi anarxiyanın zərbəsi həm orda yaşayan azərbaycanlılara dəyir. Bu qarışıqlıq region üçün yeni risk təhlükəsi də yaratmış olur. Bu mənada, Gürcüstan dövlətinin sabitliyi Azərbaycan üçün öz sabitliyi qədər əhəmiyyətli məsələdir.
Milli Məclisin digər bir deputatı Elman Nəsirov isə hakimiyyəti qorumalı olan güc qurumlarının etirazçılara qoşularsa, vəziyyətin tamamilə dəyişəcəyini qeyd edir:
“Gürcüstan hökümətinin Avropa İttifaqına daxil olmaqla bağlı məsələləri 2028-ci ilə qədər dayandırması və eyni zamanda Aİ-nın ayırdığı qrantlardan imtina etməsi, Gürcüstanda siyasi gərginliyin katalizatoruna çevrildi. Onsuz da, seçkilərə görə gərginlik var idi. Ancaq Qərbin dəstəyi ilə etiraz kütləsi hökümətə qarşı aramsız təzyiq kampaniyasını reallaşdırır və vəziyyət kritik həddə çatır. Belə hallarda təbii ki, proseslərin talehini ordunun, polisin davranışı şərtləndirir. Görünür ki, Qərb dairələri Gürcüstanda “İkinci Maydan” reallaşdırmaq istəyilər. Belə olan vəziyyətdə iki ssenari mümkündür. Birincisi odur ki, hər halda Gürcü xalqı təkcə küçədə etiraz edənlərdən ibarət deyil. Axı iqtidarı yenidən dəstəkləyib hakimiyyətə gətirən qüvvələr də var. Belə olan vəziyyətdə arxasında xaqlın böyük hissəsini görən iqtidar da sona qədər mübarizə aparır, istədiyinə nail olur. Bu ssenariyə görə, iqtidar son nöqtədə prosesləri tənzimləyə bilir, qalib çıxır. İkinci ssenari odur ki, təzyiqlər ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır. Əgər güc qurumları küçənin tərəfinə keçərlərsə, vəziyyət tamamilə dəyişmiş olar. Yəni, hadisələrin sonluğunu, əslində, güc qurumlarının davranışı həll edəcək. Yeri gəlmişkən, üçüncü ssenari kimi, küçəni sakitləşdirmək üçün indiki iqtidar 2028-ci ilə qədər dayandırdığı danışıqları güzəştə gedir, geri çəkilir, söyləyir ki, bunu gələcək perspektivlərdə müəyyən edəcəyik. Bir növ, vaxt götürür, danışıqları dayandırmaq siyasətindən imtina edir. Qərbin dəstəyi çoxalar, etirazlar pik həddə çatarsa, güman ki, üçüncü variant daha məqbul olacaq, vaxt qazanacaqlar və proseslərə yenidən baxılacaq. Bütövlükdə isə hadisələrin dinc yolla tənzimlənməsində Azərbaycan tərəfi də maraqlıdır. Bizim strateji tərəfdaşlığımız var. Heç kim onu da düşünməsin ki, Gürcü xalqı küçəyə çıxanlardan ibarətdir. Milyonlarla o etirazlara qoşulmayan, hakimiyyəti dəstəkləyən, proseslərə hələlik kənardan baxan xalq var.
Orxan Saffari