Gürcüstandan Azərbaycana pul köçürmələri 75 faizdən çox artıb: “İndi əks proses başlayıb”

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 12:51

2026-cı ilin ilk yarısında fiziki şəxslərin Gürcüstandan xaricə pul köçürmələrində Azərbaycan birinci yeri tutub.

Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli bildirib ki, cari ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 36,5 milyon ABŞ dolları pul köçürülüb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75,3 faiz çoxdur.

Onun sözlərinə görə, son 2-3 ildə Azərbaycandan Gürcüstana işləməyə gedənlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Son 1,5 ildə Azərbaycandan təxminən 3 min əmək miqrantı Gürcüstanda rəsmi qeydiyyata düşüb.

Cəfərli Azərbaycandan Gürcüstana pul köçürmələrinin illər üzrə göstəricilərini də açıqlayıb:

-2021-ci il: 60 milyon dollar
-2022-ci il: 51,3 milyon dollar
-2023-cü il: 45 milyon dollar
-2024-cü il: 40,2 milyon dollar
-2025-ci il: 26 milyon 244 min dollar

İqtisadçı qeyd edib ki, 2025-ci ildə Azərbaycandan Gürcüstana pul köçürmələri illik müqayisədə 42 faiz azalıb.

Natiq Cəfərlinin fikrincə, Gürcüstandan avtomobil gətirilməsinin əhəmiyyətli dərəcədə azalması da Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin azalmasına təsir edən amillərdən biridir.

Bununla yanaşı, o, Gürcüstandan Azərbaycana pul köçürmələrinin artmasını əmək miqrasiyası və Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycandakı qohumlarına göndərdikləri vəsaitlərin artması ilə əlaqələndirib.

“Gürcüstandakı vəziyyəti az-çox bilirəm, illərdir tendensiyaları görmüşəm, izləmişəm. Cəmi 10 il əvvəl Azərbaycanda yaşayan, əslən Gürcüstandan olan soydaşlarımız öz qohumlarına, yaxınlarına həmişə pul göndərirdilər. İndi əks proses başlayıb. Buradan ora işləməyə gedənlər artır, Gürcüstanda yaşayan soydaşlarımız daha çox varlandıqca, buradakı qohumlarına kömək etməyə başlayırlar”, – deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, pul köçürmələrində yaranan bu dinamika Azərbaycan-Gürcüstan arasında əmək miqrasiyası və iqtisadi münasibətlərdə dəyişən tendensiyaları göstərir.

Elmar
Gununsesi.info