Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı 2022-ci il üzrə Milli fəaliyyət planı qəbul olunub.
Gununsesi.info xəbər verir ki, sənəd Gürcüstanın Aİ-yə inteqrasiyası üzrə hökumət komissiyasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən 61-ci toplantısında təsdiqlənib.
İclasda Gürcüstanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciətindən sonra yeni reallıqlar və perspektivlər müzakirə olunub. Qeyd edilib ki, müraciətin təqdim olunmasından sonra Gürcüstan-Aİ münasibətləri yeni mərhələyə keçib və ölkə islahatların rellaşdırılmasını uğurla davam etdirir.
Toplantıda komissiya çərçivəsində Aİ-dən daxil olan sorğu vərəqələrinin icrası ilə bağlı iş üzrə daimi işçi qruplarının yaradılması barədə qərar qəbul olunub. Bundan başqa, Aİ-yə üzv ölkələrlə artıq başlamış fərdi dialoq prosesi fəallaşdırılacaq.
Qeyd edək ki, İ.Qaribaşvili martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. İttifaq sənədi qəbul edib və Avropa Komissiyasında məsələnin müzakirəsinə artıq başlanılıb.
Gununsesi.info