Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu” – Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe dəyişikliyi aparacaqlar.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yanvarın 24-də hakim partiyanın siyasi şurasının iclası keçirilib və orada kadrlarla bağlı qərar verilib. Partiyanın qurultayının fevralın 1-də keçirilməsi də qərara alınıb. “İmedi”nin məlumatına görə, Kobaxidze həm baş nazir, həm də partiyanın siyasi katibi təyin olunacaq.
Gürcüstan qanunlarına görə, baş nazir postunu tərk edərsə, hökumət avtomatik istefa verir, bundan sonra hakim partiya hökumətin başçısı vəzifəsinə yeni namizəd irəli sürür, o da öz növbəsində Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.
Yeni partiya sədrinə gəlincə, o, siyasi təşkilatın qurultayında seçilir. 2023-cü ilin dekabrında məlum olub ki, “Gürcü Arzusu”nun qurucusu, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdıb və partiyanın fəxri sədri vəzifəsini tutub.
Qaribaşvili 2021-ci ilin fevralından Gürcüstanın baş naziri vəzifəsini icra edir. Bu, onun ikinci dəfə baş nazir olmasıdır. O, ilk dəfə 2013-2015-ci illərdə respublika hökumətinə rəhbərlik edib.
Gununsesi.info