Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gedəcək

  • By admin
  • 15 Aprel 2022 11:22

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2022-ci il ərzində bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, həmçinin müxtəlif sənət sahələri üzrə xarici ölkələrin nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Gununsesi.info Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bununla əlaqədar Gürcüstanın tanınmış mədəniyyət xadimləri, türkoloq və ekoloqlarından ibarət nümayəndə həyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində 14 apreldə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli nümayəndə heyəti ilə görüş keçirdi. Görüş zamanı hər iki ölkənin qədim tarixə və zəngin mədəni irsə sahib olduğu, birgə mədəni tədbirlərin təşkilinin iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığı vurğulandı.

Görüşdə 30 ilə yaxın işğal dövründə Azərbaycan maddi mədəniyyət nümunələrinə qarşı ermənilər tərəfindən edilən vandalizm və qəddarlıq, həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə aparılan bərpa quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verildi.

Qeyd edək ki, nümayəndə heyəti 15-17 aprel tarixlərində Gəncə, Füzuli, Cəbrayıl, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək. Nümayəndə heyətinə Gəncəyə atılan raket zərbələri nəticəsində şəhərin dağılmış infrastrukturu, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın maddi mədəni irsinə dəymiş ziyan, o cümlədən mina sahələri və minanın zərərsizləşdirilməsi prosesinin göstərilməsi, yeni istifadəyə verilmiş Füzuli aeroportu, dağıdılmış müsəlman mədəni-tarixi abidələri, Natəvanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Bülbülün ev-muzeyi, Cıdır düzü, eləcə də hazırda aparılan quruculuq işləri barədə ətraflı məlumat veriləcək.

Gununsesi.info