Həbs edilən jurnalist saytları və TV-ləri məhkəməyə verir

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı onu gözdən salan məlumatları dərc edən KİV-i məhkəməyə verəcək.
Gununsesi.info xəbər verir ki, yanvarın 9-da jurnalist bəyanat yayaraq bu məlumatların təkzib edilməsini tələb edib. O bildirib edib ki, əgər bir həftə ərzində bunu etməsələr, həmin KİV-lərə qarşı diffamasiya üzrə iddia qaldıracaq.
Babalı yeni bəyanatında qeyd edir ki, onun təkzib tələbi təmin olunmayıb və o, təkzib və mənəvi ziyana görə təzminat tələbilə həmin KİV-in barəsində mülki iddialar qaldıracaq.
Bundan öncə jurnalist qeyd edib ki, onu ləkələyən materiallar bir çox saytlarda, telekanal və digər KİV-də yayımlanıb.
Həmin KİV bildirib ki, Babalı “qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə yaradıb, onların tapşırığı ilə araşdırmalar aparıb, məqalələr hazırlayıb”. Eyni zamanda, bir neçə Amerika və Avropa təşkilatının adı çəkilib.
Babalı bildirib ki, sözügedən xarici qurumlarla birbaşa və ya dolayısı ilə əlaqəsi olmayıb. O, beynəlxalq və yerli təşkilatlardan və ya özəl şəxslərdən göstəriş almayıb, “sifarişli” araşdırmalar aparmayıb. Ona qarşı heç bir jurnalist araşdırması üzrə məhkəmə iddiası qaldırılmayıb, heç kim ondan araşdırmalarının heç biriylə bağlı təkzib verilməsini tələb etməyib.
Dekabrın 13-də Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə cəlb edilib.
Beynəlxalq təşkilatlar Hafiz Babalanın həbsini pisləyiblər və onun azadlığa buraxılmasına çağırıblar.
Gununsesi.info