Hazırda həbsdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı ALimpaşa Məmmədovun cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində prosesə start verilib.
Gununsesi.info sabiq icra başçısının ittiham aktından bəzi məlumatları əldə edib.
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə mühakimə olunan sabiq icra başçısı ittiham aktında göstərilənləri qəbul etdiyini deyib: “Tamamilə razıyam, heç bir problem yoxdur”.
O, etiraf edib ki, tabeçiliyində olan şəxslərdən rüşvət toplaması barədə ittihamlar doğrudur.
İttiham akrına görə, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurub.
İttiham aktında göstərilir ki, Alimpaşa Məmmədov Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Şəmkir şəhərində yerləşən 1 milyon 335 min manat dəyərində “Natural” su və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin şəhər bələdiyyəsinə məxsus bütün paylarının 2018-ci ildə oğlu Adil Məmmədovun adına keçirib.
O, həmin müəssisənin 2020-ci ildə Fərid İslamzadəyə cəmi 180 manata satılmasını təmin edib.
Bundan başqa icra başçısı dəyəri 3 milyon 344 min manat olan “Çinarlı qəsəbə” MMC-nin Şəmkir rayonu, Çinarlı bələdiyyəsinə məxsus bütün paylarını təsisçiləri-oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyev və Orxan Məmmədli olan “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satılmasını təmin edib.
Vəzifə saxtakarlığı ittihamı ilə də üzləşən Alimpaşa Məmmədov rəsmi sənədləri də saxtalaşıdırb. Qulluq mövqeyindən sui-istifadə edən sabiq başçı külli miqdarda özgə əmlakını təkrar mənimsəmə və israfetmə yolu ilə talayıb, qulluq mənafeyindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitlərini təkrar leqallaşdırıb.
İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyevin, digər qismini isə birinci müavini və şəhər memarlıq şöbəsinin rəisi vasitəsilə öz xidməti otağında alıb.
Qeyd olunan əməllərə görə Alimpaşa Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Məhkəmədə Alimpaşa Məmmədov ittihama münasibət bildirərək özünü təqsirli bilsə də əldə etdiyi vəsaitləri şəxsi mənafeyi üçün istifadə etmədiyini bildirib: “Mən vətəndaşları iş yeri ilə təmin etmişəm, onların dolanması üçün çalışmışam. Bu, israfetmə sayılırsa, razıyam. İttihamda cinayət yolu ilə əldə olunduğu göstərilən bütün vəsaitlər rayon idarəçiliyi üçün istifadə olunub. Yəni niyyət başqa olub”.
Afət Abbasova
Gununsesi.info