Tanınmış araşdırmaçı jurnalist, Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun çoxsaylı korrupsioner əməllərini ifşa edən Ərşad İbrahimlidən xəbər var.
Gununsesi.info xəbər verir ki, Şəki Penitensiar Müəsisəsində cəza çəkən jurnalist Lapşinin əfv edilərək azadlığa buraxılmasına diqqəti yönəldərək moderator.az vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir!
Möhtərəm Prezident!
Öncə bildirim ki, bu müraciəti jurnalistlərə növbəti dəfə mənzil paylanılması münasibətilə keçirilən tədbirdəki çıxışınız və “jurnalistlər mənim köməkçilərimdir” sözlərinizdən sonra yazmağa qərar vermişdim. Çünki Sizin bu çıxışınızdan bir neçə il öncə təxminən oxşar məzmunlu müraciətiniz də olmuşdu və məmurların bir çox hallarda sizə düzgün informasiya vermədiyinə işarə edərək ictimai nəzarətin əhəmiyyətini qabartmışdınız və biz jurnalistlərə xitab etmişdiniz ki, korrupsiyaya bulaşmış məmurların ifşa edilməsində Sizə köməklik göstərək.
Məhz həmin çağırışa qoşularaq Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun misligörünməmiş cinayət əməllərini faktlarla sübuta yetirdiyimə görə onun qəzəbinə gəldim və törətmədiyim cinayətə görə məni ən ağır cəza ilə cəzalandırmağa nail oldu. Halbuki onu faktlarla ifşa etmişdim və əldə etdiyim sənədləri, araşdırmalarımın nəticələrini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdim. Amma o zaman obrazlı desəm, M.Bağırovun qılıncının hər iki tərəfi ülgücdən iti olduğuna görə onun məsuliyyətə cəlb olunmasına nail olunca o məni şərləyərək, guya hədə-qorxu ilə ondan pul tələb etmə maddəsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində 11 il müddətinə azadlıqdan məhrum etdirdi. Tale elə gətirdi ki, onun özü də məndən bir il sonra işdən azad edilərək həbs olundu və 10 il 6 ay müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edildi.
İndi hər ikimiz məhkumluq həyatı yaşayırıq. Amma fərqimiz ondan ibarətdir ki, onun haqlı olaraq ağır cəzalandırılmasını hər kəs ədalətin təntənəsi hesab etsə də təkcə media cameəsi deyil, bütövlükdə cəmiyyət mənim günahsız yerə zindanda çürüdüyümə əmindir. Amma ona da tam əminəm ki, Siz nəinki mənim, heç bir qələm əhlinin məhz peşəsinə, yazdığı hansısa tənqidi yazıya görə bu qədər ağır maddələrlə ittiham olunaraq zindana atılmasına razı olmazsınız. Sadəcə Sizi vaxtında məlumatlandırmayıblar və ya doğru informasiya verməyiblər.
Cənab Ali Baş Komandan!
Mən Kəlbəcər rayonundan məcburi köçkünəm, Birinci Qarabağ savaşının iştirakçısıyam, atəşkəsədək 701 və 712 saylı həbi hissələrin tərkibində qanlı döyüşlərdə iştirak etmişəm, erməni işğalçılarına qarşı içimdəki bütün nifrət və Vətən həsrətiylə döyüşmüşəm. Bir korrupsioner məmurun əxlaqsız hərəkətlərini və çoxsaylı korrupsiya cinayətlərini faktlarla, sübutlarla ifşa etməyimə baxmayaraq o zaman hökmü Gəncəbasarda hər yerdə keçən Məhəmməd Bağırovun sifarişi ilə azadlıqdan məhrum edilmişəm.
Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Gəncə Apellyasiya Məhkəıməsi cəzamı 1 il azaldaraq 10 il, ötən ilsə Ali Məhkəmə mənim cəzamı yarıbayarı azaldaraq mənə 5 il cəza verilib. Həmin cəzanın da artıq 3 il yarımını çəkmişəm. Odur ki, Sizin ədalətinizə, mərhəmətinizə güvənərək bu müraciəti göndərirəm ki, mənim azadlığa qovuşmağım üçün müvafiq göstəriş verəsiniz və ədalətin zəfər çalmasına növbəti dəfə töhfənizi verəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm və ümid edirəm ki, məhz Sizin komandanlığınız altında torpaqlarımızın işğalçılardan azad edilməsi əməliyyatında mənə də iştirak etmək qismət olacaq və bu mənfur düşmənlərdən qisasımızı alacağıq. Allah belə bir xoşbəxtliyi Millətimizdən əsirgəməsin! Amin!
Gununsesi.info