

KİV-də mənim verdiyim informasiya yayılandan sonra nəhayət ki, iyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi və bəlli oldu ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilib. Düz bir aydır ki, qanunvericiliyin tələblərinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-nə qaytarılmışdır. İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla görüşüb, lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən imtina edib. Daha müəmmalı budur ki, Fikrət həbsindən apellyasiya şikayəti vermişdi. Bu o deməkdir ki, o, həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyir. Amma sonra necə olubsa, Fikrət apellyasiya şikayətindən imtina edib. Məhkəmə prosesindən öncə hakim Həsən Əhmədovun katibi vəkilə zəng vuraraq iclasın təxirə salındığını bildirib, Fikrətin apellyasiya şikayətindən imtina etdiyini deyib.