Həbsdəki MTN generalının zəhərləndirilmə qorxusu - ELÇİN QULİYEV İNTİHAR EDƏN MÜAVİNİNİN KAMERA YOLDAŞINDAN EHTİYYAT EDİR

  • By admin
  • 13 Sentyabr 2019 20:18

Bu yaxınlarda azadlığa buraxılan sabiq müstəntiq Rüfət Səfərov onunla birlikdə 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan MTN generalları barədə növbəti xatirələrini yazıb.

Qeyd edək ki, Rüfət Səfərov bundan öncəki yazısında Kürdəxanı təcridxanasında özünü asdığı deyilən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin kamera yoldaşı haqqında yazmışdı. Sabiq müstəntiq bu dəfə İmran adlı həmin şəxsin 9-cu “zon”a gəlişinin həbsdəki generallar üçün necə qorxu yaratmasından yazıb.

HTML tutorial

Gununsesi.org həmin qeydləri təqdim edir: Dostlar, o hissədə qalmışdıq ki; qisa müddət sonra İmran “9”-a etap olunaraq aylıq 500 manat kirayə haqqı, gündəlik babat gəliri olan “taçkavoz” vəzifəsinə irəli çəkilir… “Voronok”dan düşər-düşməz mərhum polvovnik İlqar Əliyevin fil sümüklü “stanok”unu da dəyər-dəyməzə, yəni 70 manata özgəninkiləşdirir… Ləğv olunmuş MTN generalları isə yəqin ki, gün ərzində 500 dəfə saata baxıb, istintaq təcridxanasının dörd divarı arasında sağa-sola vurnuxurlar. Onlar “zon”un “genişliyini”, “zon”da maraqla onların yolunu gözləyir. Budur, günün birində hay-küy qopdu, dustaqlar arasında bir canlanma yaşandı: Etap var! Özü də kimlər? General-mayor Elçin Quliyev və polkivnik Azər Mehdiyev! Az sonra yeni dustaqlar karantin keçmədən birbaşa “zon”un meydançasında peyda oldular. Əllərini arxalarında çarpazlayıb, göyə-yerə, arxaya-qabağa, sağa-sola məlul-məlul baxırdılar. İlk işləri nədənsə mənlə bağlı oldu: gəldilər, görüşdülər, tanış oldular, ilkin məsləhətlərini verdilər, sabahda-zadda çay süfrəsi arxasında daha yaxından tanış olmaq ümidilə getdilər. Söz yox, onların və onlar kimi digər zabitlərin əllərinin bu xalqın qanına bulaşdığını qanmayacaq qədər sadəlövh deyiləm, amma situasiya istər-istəməz ünsiyyəti qaçılmaz etdi. Zaman göstərəcəkdi ki, bu təmasda ictimai fayda da olmamış deyil… Sonrakı gündə generalın ilk sorğusu “taçkavoz” İmranla bağlı oldu… İmranın da adını çək, qulağını bur; barəsində danışıldığı vaxt söhbətin üstünə gəldi. “Taçka”sı ilə kəskin dönüş edib, anamın göndərdiyi sovqatı stolun üstünə düzdüm. “Elçin müəllim, İmran dediyiniz budur”,-deyə impulsiv reaksiya verdim. “Taçkavoz”da sual dolu nəzərlərlə bir məni, bir də generalı süzdü, dinib-danışmadan iki manatını götürüb növbəti işinin dalıyca getdi… Artıq mənə gün kimi aydın idi ki, İmran generaldan, general da İmrandan ehtiyat edir. Çünki Elçin Quliyev mərhum müavininin qeyri-müəyyən zəmində ölməsi işində onunla bir kamerada saxlanılmış İmranın rolunu istisna etmirdi. Ona görə də ciddi-cəhdlə “taçkavoz”la savaşa başladı, rəis heyətinin qarşısında tələb qoydu ki, İmran işindən kənarlaşdırılsın və ya ona gələn hər hansı sovqata əli belə toxunmasın. Zəhərləyə biləcəyindən bərk narahat idi… Qısa müddət sonra “zon”a qədəm basan digər generallar, xüsusilə də Akif Çovdarov anti-İmran kampaniyasına qoşuldu. Lakin tələb qismən təmin edildi, İmran işinə davam etdi, generallara gələn sovqatsa şəxsən qəbu edildi. “Zon”da dustaqdan tutmuş zabitədək hamı gülürdü: “taçkavoz” generallara qalib gəldi.. Yadımdadır, həmin zaman baş verənlərə təəccüblə baxan “xlebnik”im Ruslana tacik şairi Əbdürrəhman Caminin yaddaşımda ilişib qalmış bir cümləsini xatırlatdım: ”Yumruq vurmağa adət etmiş adamlar zəiflərin təpiyi altında məhv olurlar.” Elə də oldu, bir müddət sonra “tackavoz” tam qalibiyyətlə “zon”dan çıxdı, məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə yollandı, oradan da “aylığa” çıxıb evinə təşrif buyurdu… Bu yaxınlarda dostum Bəhruz Bayramov onu haradasa görübmüş: kefi kök, damağı cağ. “Taçkavoz” mövzusunu burada qapadaq, keçək həbsdəki generalların mənəvi-psixoloji durumuna. Məni dəhşətə gətirən bu idi ki, uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi kimi məsuliyyətli, iradə və səbir tələb edən, az qala bütün Azərbaycan üçün cavabdehlik daşıyan posta Elçin Quliyev kimi ağciyər, çətinlik qarşısında özünü buraxan, iradəsiz bir zabit rəhbərlik edib. Adamın şəxsi məziyyətləri ilə tutduğu postun öhdəlikləri arasında diametral ziddiyyəti görməmək mümkün deyildi…

 

 

Elmar Elnuroğlu

Gununsesi.org