3 gün əvvəl xırda xuliqanlıq ittihamı ilə 15 sutka inzibati cəza alan jurnalist Şahin Rzayev Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Gununsesi.info bildirir ki, Rzayev sosial şəbəkə hesabında həbsinin əsl səbəbi haqqında yazıb. Həmin qeydləri təqdim edirik:
“Əziz dostlar və oxucular. Bir daha mənə çətin durumda dəstək olduğunuza görə təşəkkür edirəm.
Son iki gündə barəmdə yəqin ki, bütün əvvəlki həyatımda olduğundan daha çox xoş söz eşitdim, belə böyük dəstək olacağını ağlıma gətirməzdim.
Hətta hökumətyönlü medianın belə mənim həbsim barədə xəbəri yayması xüsusi sürpriz oldu. Yəqin ki, son iki günlük “macəralarım” barədə daha ətraflı məlumat ilə maraqlanan çoxdur. Səbəbdən başlayaq. “Cidanı çuvalda gizlətmək” olmaz deyib atalar. Əlbəttə ki, əsl səbəb mənim bir ehtiyatsız “ikibaşlı” yazdığım post idi (artıq silinib). Səhv anlaşılmışdı, mən tam əksini nəzərdə tutmuşdum.
Öz günahımdır, gərək daha dəqiq ifadə edərdim fikrimi. Formal ittihama gəlincə, ABŞ hüquq sistemində “plea agreement” adlanan anlayış var (сделка с правосудием, azərbaycanca tərcüməsi qəribə səsləndiyi üçün yazmıram).
Etdiyim “kiçik” xuliqanlıq məhz həmin qarşılıqlı razılığın nəticəsi idi və mən protokolu könüllü imzalamışam. Sadəcə, İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 50-100 manat cərimə nəzərdə tutulduğu halda mənə gözlənilmədən 15 sutka hökm oxundu.
Ona görə də Apellyasiya verdim (vəkilsiz) və cəza 50 manata endirildi. Sağ olsunlar, görünür, iki gündə mənim düşmən olmadığımı yoxlayıb düzgün nəticə çıxarıblar.
Tutulma prosesi çox bərbad hazırlanmışdı. “Qorotdel”dən üç pəhlivanın küçəmizdə pusqu qurub məni güdməyə, qollarımı burub maşına soxmağa nə ehtiyac var idi?
Binəqədi Təcridxanasından ümumiyyətlə, razı ayrıldım. Kameralar səliqəli, təmirli, isti, yeməklər babat idi. Nəzarətçilər də gözlədiyimdən daha nəzakətli davranırdı (ola bilər mənimlə digər dustaqlarda fərq qoyurdular, istisna etmirəm). Yeganə “işgəncə” bekarçılıq idi.
Nə qədər “Xəzər TV”yə baxmaq olar? (nədənsə, yalnız bu kanala icazə var). Oxumağa kitab tapmadım, amma tibbi yardımı operativ edirdilər. (Mənə lazım olmadı, kamera yoldaşıma etdilər).
Daha çox detal yazmağa ehtiyac duymuram, hər halda happy end ilə bitən bir macəra kimi yadda qalacaq”.
Gununsesi.info