Həbsxanalarda işgəncə faktları var - AVROPA PARLAMENTİNİN VİTSE-PREZİDENTİ ƏDLİYYƏ NAZİRLİYİNİ İTTHAM ETDİ

  • By admin
  • 08 May 2018 13:14

 

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautala Azərbaycanda insan hüquqları sahəsində narahatlığını ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, Heydi Hautala Azərbaycanda Vəkillər Kollegiyasının müstəqiliyi ilə bağlı onu narahat edən məqamları görüb: “Xüsusən bizi Vəkillər Kollegiyasının fəaliyyəti, onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib. Xüsusilə,  Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkanı var. Bir sıramüstəqil vəkillərin cəzalandırılması barədə məlumatlar narahatlıq doğurur”. 

AP-nin vitse-prezidenti deyib ki, əgər fərqli düşüncəyə malik insanlara tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur.

O, bu yaxınlarda həbsdə saxlanılan İlqar Məmmədovla görüşünü xatırladaraq, bildirib ki, insan haqları fəallarının fəaliyyəti üçün imkanlar yaradılmalıdır.

Həbsxanalarda vəziyyətə toxunan Heydi Hautala deyib ki, işgəncə halları var: “Bu məni ciddi narahat edir”.

AP-nin vitse-prezidentinə cavab olaraq, deputat Kamran Bayramov İşgəncələrə Qarşı Avropa Komitəsinin missiyasının istənilən vaxt Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkə bildiyini vurğulayıb: “Bu Komitənin hazırladığı hesabatları hökumət nəzərə alır. Bir neçə il əvvəl Azərbaycanda məhkumların saxlanma şəraiti ilə bağlı problem var idi. Prezidentin tapşırığı ilə paytaxtda və regionlarda cəzaçəkmə müəssisələri tikilib. Eyni zamanda, Penitensiar Xidmətin işçiləri üçün seminarlar keçirilir. Digər tərəfdən, Azərbaycanda vəkillik institutu inkişaf edir. Azərbaycanda islahatlar həyata keçirilir, vəkillərin sayı artmaqdadır. Bu, vətəndaşların hüquqlarının müdafiə edilməsində vacib addımlardan biridir”.

Deputat Çingiz Qənizadə isə Azərbaycanda həbsxanalarda işgəncəyə dair faktlar təqdim edilməsini istəyib: “Bu kimi informasiyalar əsassızdır. İki məhbus arasında baş verən hadisələr də siyasi motivli hadisələr kimi təqdim olunur”.

Gununsesi.info