Polşada hökumətlə razılığa gələn fermerlər etiraz aksiyalarına son qoyublar.
Gununsesi.info xəbər verir ki, hökumətin Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağa razı olmasından sonra Polşada fermerlər etiraz aksiyalarını bitiriblər.
Polşanın kənd təsərrüfatı naziri Çeslav Siekierski fermer nümayəndələri ilə hökumətin razılığa gəldiyini açıqlayıb. Belə ki, Siekierski Ukrayna kənd təsərrüfatı məhsullarının Polşaya idxalının və digər ölkələrə tranzitinin dayandırıldığını bildirib.
Polşada fermerlərin Avropa Birliyinin kənd təsərrüfatı siyasətlərinə və Ukraynadan ucuz taxıl və ərzaq məhsulları idxalına etirazları hökumətlə razılaşma ilə başa çatıb.
Dünən fermerlər paytaxt Varşavaya gedən yollar da daxil olmaqla təxminən 600 nöqtədə barrikadalar quraraq yolların hərəkətə bağlanmasına səbəb olub.
Polşadakı fermerlər də martın 6-da Varşavada baş nazirin ofisi qarşısında aksiya keçiriblər. Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalını dayandırmaq üçün Polşa-Ukrayna sərhədinin bağlanmasını tələb edən fermerlər Avropa İttifaqının yürütdüyü yaşıl və ekoloji siyasətlə Avropada kənd təsərrüfatını öldürdüyünü iddia edərək, Polşanın Aİ-nin “Yaşıl müqavilə” proqramından çıxmasını istəyirdi.
Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Macarıstan və Yunanıstan başda olmaqla bir çox Aİ ölkələrinin fermerləri son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə reaksiya verir.
Qaldırılan məsələlərə İttifaqın kənd təsərrüfatı siyasəti, kompleks bazar qaydaları, təbiətin bərpası hədəfləri, subsidiyaların azaldılması, yüksək enerji, yanacaq və gübrə xərcləri, gübrə və pestisidlərin istifadəsinə qoyulan məhdudiyyətlər, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirləri daxildir.
Fermerlər Aİ-ni “Yaşıl Sövdələşmə çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsi ilə bağlı sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə” görə tənqid edirlər.
Gununsesi.info