Həkimdən birinci doza vaksin xəbərdarlığı: “Hər 70-75 insandan biri…”

Azərbaycanın koronovirus pandemiyası ilə mübarizə tədbirlərini çox müsbət qiymətləndirirəm. Ölkədə COVID-19-la bağlı vəziyyətin və aparılan mübarizənin qənaətbəxş olması barədə Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə öz fikrini bildirib. Azərbaycan hakimiyyəti hələ koronovirus peyvəndləri istehsal olunmazdan əvvəl beynəlxalq COVAX proqramına qoşularaq yoxsul ölkələrə maliyyə yardımı edib. Odur ki, Azərbaycan dünyada peyvənd alan ilk ölkələr cərgəsindədir. Azərbaycan MDB ölkələri arasında olunan vaksinasiyanın səviyyəsinə görə də liderdir. Bütün bunlar mühüm işlərdir.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında pulmonoloq, allerqoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, dünyada koronavirusa yoluxan hər 40-45 nəfərdən biri ölür, Azərbaycanda isə virusa yoluxmuş hər 70-75 insandan biri dünyasını dəyişir:

HTML tutorial

“Dünya, hətta Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COViD-lə bağlı mövcud vəziyyət kifayət qədər yaxşıdır. Qafqaz ölkələri arasında da həm əhali, həm xəstələnmə, həm də ölənlərin sayına görə ölkəmiz başqalarına nümunədir”.

Vaksinin əhəmiyyətindən söz açan həkim qeyd edib ki, istənilən infeksion xəstəliyin profilaktikasında ən vacib məsələ vaksindir:

“Vaksin olunan insanlarda demək olar ki, COVID-19 infeksiyası yüngül keçir, ağırlaşmalar olmur, ən önəmlisi ölüm hallarına demək olar ki, rast gəlinmir. Bunlar vaksinin qazandırdığı əsas üstünlüklərdir. Bu barədə Avropa ölkələrinin də, İsrailin də apardığı tədqiqatlar var.

Həm ölkəmizdə, həm də dünya ölkələrində aparılan vaksinasiya COVID-19 infeksiyasının tezliklə başa çatmasına, ən azından idarə olunan səviyyədə olmasına gətirib çıxaracaq. Eləcə də ölüm hallarının və səhiyyə sisteminin üzərinə düşən yükün azalmasına səbəb olacaq.

Vaksinasiya haqqında insanların çox yanlış təsəvvürləri var. Elə düşünürlər ki, vaksinasiya olundusa, birinci dozadan sonra qoruyuculuq qabiliyyətinə malikdir. Əslində belə deyil. İkinci doza vurulduqdan sonra 2-4 həftə müddətində insanlar yenə də qorunma qaydalarına əməl etməlidir ki, yoluxmalasınlar”.

Gununsesi.info