Həmas Baydenin təklifinə reaksiya verib

Fələstinin radikal HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin atəşkəs və Qəzza zolağında girovların azad edilməsi təşəbbüsünə müsbət cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Həmas danışıqların bütün mərhələlərində xalqımızın təcavüzün qəti şəkildə dayandırılması və İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması ilə bağlı ədalətli tələbləri əsasında razılığın əldə olunması üçün zəruri olan müsbət münasibət nümayiş etdirdi. Biz cavab verdik. Atəşkəs və məhbusların azad edilməsi ilə bağlı son təklifə müsbət yanaşılır”, – deyə hərəkat nümayəndələri bildirib.

Bununla belə, bəyanatda qeyd edilir ki, Fələstin hərəkatının son təklifi bəyənməsinə baxmayaraq, Təl-Əviv razılaşma əldə etmək istəyini nümayiş etdirməyib.

Buna görə də HƏMAS ABŞ administrasiyasını İsrail hökumətinə təzyiq göstərməyə çağırıb ki, Baydenin təşəbbüsü atəşkəs razılaşmasının əsasını təşkil etsin.

Xatırladaq ki, mayın 31-də ABŞ prezidenti İsrailin Qəzza zolağında HƏMAS-a yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb.

Baydenin sözlərinə görə, təklif olunan saziş üç mərhələdən ibarətdir: İsrail qoşunlarının Qəzzadan çıxarılması, HƏMAS əsirliyindən girovların azad edilməsi, qeyri-müəyyən atəşkəs və döyüşlərdən sonra Qəzzanın yenidən qurulması.

 

 

Gununsesi.info