
İsrail Qəzzada qətliamını davam etdirərkən, dünən axşam Ağ Evdən mülki əhalinin cənuba keçməsi və humanitar yardımların çatdırılması üçün hər gün 4 saat atəşkəs elan ediləcəyi açıqlanıb. HƏMAS isə bunun əksi ilə bağlı açıqlama verib.
Gununsesi.info-nun məlumatına görə, Ağ Ev bildirib ki, İsrail blokada altındakı Qəzza zolağının şimalındakı mülki əhalinin tərk etməsinə icazə vermək üçün hücumları gündə 4 saat dayandırmağa razılaşıb. Lakin HƏMAS-ın liderlərindən olan İsmayıl Haniyə ABŞ-ın bu məsələ ilə bağlı açıqlamalarını təkzib edərək, İsraillə humanitar atəşkəsin hələ əldə olunmadığını bildirib.
ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi dünən gecə İsrailin fələstinli mülki vətəndaşların Qəzza zolağının cənubuna keçməsi və humanitar yardım göstərməsi üçün Qəzza zolağının şimalındakı hücumları hər gün 4 saat dayandıracağını açıqlayıb.
İsrailin bu fasilələrin vaxtını başlamadan 3 saat əvvəl açıqlayacağını ifadə edən Kirbi, “İsraillilər bizə bu fasilə zamanı bu bölgələrdə hərbi əməliyyatların olmayacağını və bu prosesin bu gün başlayacağını söylədilər” deyib. Fələstinli mülki vətəndaşların Qəzza zolağının cənubuna keçməsi üçün iki “humanitar dəhliz” olacağını ifadə edən Kirbi, ABŞ-ın bu fasilələri doğru istiqamətdə atılan addım kimi gördüyünü və lazım olduğu müddətcə davam etməsini istədiyini bildirib.
Bununla belə, HƏMAS ofisinin rəhbəri Haniyənin mətbuat müşaviri Tahir ən-Nunu “Teleqram” hesabında Ağ Evin İsrailin “münaqişədə humanitar fasiləni qəbul etdiyi” ifadələrinə cavab verib. Müzakirələrin davam etdiyini, lakin indiyə qədər İsraillə razılığa gəlinmədiyini qeyd edən ən-Nunu bildirib ki, “Əgər razılaşma əldə olunarsa, xalqımıza açıq şəkildə bildiriləcək” deyib.