
İsrail Qəzza xalqına qarşı soyqırımını dayandırarsa, HƏMAS cavab hücumlarını dayandıracaq.
Gununsesi.info “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cenevrədə BMT baş katibinin fövqəladə hallar üzrə müavini Martin Qriffitlə görüşündə deyib.
Söhbət zamanı iranlı diplomat “İsrail rejiminin mühasirəsində olan Qəzza zolağında fələstinlilərə qarşı cinayətlərin dayandırılması üçün” təcili və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Əmir Abdullahiyan HƏMAS liderləri ilə son görüşlərinə toxunaraq bildirib ki, İsrail Qəzza zolağında soyqırımını dayandırsa, HƏMAS əks-hücumlarını dayandıracaq. O əlavə edib ki, HƏMAS mülki məhbusların azad edilməsi üçün tədbirlər görməyə hazırdır.
Onun sözlərinə görə, İsrailin müharibədə qalib gəlmək şansı yoxdur. Müharibəni davam etdirmək “sionist rejimin ən böyük dəstəkçisi kimi Amerika hökumətinin xərclərini” artırır:
“Qəzzaya göndərilən humanitar yardımın həcmi çox azdır və BMT-nin bununla bağlı təcili və ciddi tədbirlər görməsinə ehtiyac var,. Regionda sülh və təhlükəsizliyə nail olmaq üçün BMT İranın köməyinə ümid edə bilər.
Gununsesi.info